Prezident: Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi

Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib.
Dövlət başçısı deyib: “Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin, Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır.
Son illər ərzində ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Ali Baş Komandan deyib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir.
Prezident bildirib: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.
1news.az