Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanda avtoritar quruluş yaratmaqda artıq uğur qazanıb

N.Paşinyanın baş nazir təyinatından iki ay keçməyib, amma bu dövrdə o “sabotaj”, “təxribat”, “əks-inqilabçılıq” və “antidövlətçilik” terminlərindən istifadə edib.
N.Paşinyan tərəfdarları vasitəsilə özünü ilahiləşdirib.
Ermənistanın bəzi mətbu orqanlarında daxili senzura təkcə Dağlıq Qarabağ və hərb mövzusunu deyil, daxili məsələləri də əhatə edib.
Bəzi populyar KİV-lərin fəaliyyətində texniki-təşkilati zəiflik hiss olunur.
Ermənistanda son mitinqlərlə bağlı məlumatı Ermənistan KİV-ləri deyil, RF KİV-ləri yaydılar. Quldur general Manvel Qriqoryanın ətrafında baş verənlərin işıqlandırılması bunun əyani sübutudur.
Yerli ekspertlər şərh verməkdən çəkinirlər. Verilən şərhlər N.Paşinyanı əndazəni aşan formada mədh etməlidir.
N.Paşinyan nəhayət dözmədi, Ermənistanın mətbu orqanlarını mətbuat azadlığından sui-istifadə etməməyə, dövlət əleyhinə fəaliyyət aparmamağa çağırdı. Ermənistanın sosial şəbəkələrində ən çox müzakirə olunan məsələ bütün regionların əhalisinin N.Paşinyan hakimiyyətinin təmsilçilərindən narazılığıdır. Amma bu populyar KİV-lərdə işıqlandırılmayan mövzudur. Televiziyaların bəzi süjetlərində də əhalinin ayrı-ayrı quberniyalarda toplaşaraq narazılıq bildirməsinə həsr olunmuşdu. Naxçıvan istiqamətində Ermənistanın itkiyə məruz qalması və Dağlıq Qarabağda narazılığın səngiməməsi də ciddi müzakirə olunur. N.Paşinyan bunu televiziyaların antidövlət fəaliyyəti adlandırır.
N.Paşinyan bəlkə də haqlıdır; Başa düşür ki, onun qurduğu dövləti 1-2 televiziya verilişi dağıda bilər.
Ermənistanda mətbuat azadlığı Serj Sərkisyanın dövründə də problemli idi. Onun fəaliyyət prinsipi belə idi: Əhaliyə çörək verə bilmirsə, qoy heç olmasa mətbuat azadlığı müəyyən qədər fəaliyyət göstərsin.
N.Paşinyan isə yalnız öz tamaşalarının mətbuatda işıqlandırılmasının tərəfdarıdır. Çörək verə bilməyən N.Paşinyan tamaşalara yaxşı hazırlaşıb. N.Paşinyan iqtisadi və siyasi islahatlar aparmaq gücündə olmadığına artıq əmindir. Dağlıq Qarabağ məsələsində onun dedikləri əks-effekt yaradıb. Maraqlıdır ki, son bir ayda ATƏT və Aİ tərəfdən səsləndirilən bəyanatlarda yalnız “iki tərəf” termini işlənir. “Münaqişənin bütün tərəfləri” termini işlənmir.
Qoşunların təmas xəttində atəşkəs rejimi ilə bağlı ATƏT MQ Ermənistanın mövqeyini tam inkar edir.
N.Paşinyanın avtoritar rejim qurmaqda uğur qazanacağına inanırıq. Çünki Ermənistan cəmiyyətinin başqa potensialı yoxdur. Amma N.Paşinyanın avtoritar rejiminin ömrünün uzunluğu isə təkcə N.Paşinyandan asılı deyil.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq