Hind filmlərində olduğu kimi bir zərbə ilə bir neçə tankı məhv edən “qorxmaz ermənilər” haqqında səhnələr daha kömək etməyəcək – FOTO

Üç gün əvvəl Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş və erməni tərəfdə böyüş təşvişə səbəb olan hərbi parad keçirildi.
Tək dünyada deyil, Ermənistanda da diqqətlə izlənilən parad bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü nümayiş etdirməklə yanaşı Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamasının mənasız və mümkünsüz olduğunu göstərdi.
İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələrin komandiri olan Levon Mnatsakanyan Ermənistan mediasına müsahibəsində Azərbaycanın hərbi qüdrətinin böyük olmasını etiraf edib:
“Artıq sanki hind filmlərindən götürülmüş kimi bir zərbə ilə bir neçə tankı məhv edən “qorxmaz” erməni əsgərləri haqqında standart hekayələri eşitmirik. Görünür Azərbaycanın ən müasir silahlara malik olduğunu və sonun qaçılmaz olduğunu ermənilər artıq dərk etməyə başlayıblar.



Bakıda keçirilən hərbi paraddan kadrlar
“Polonez”lərdən başqa onlar analoji İsrail raketləri, eləcə də artilleriya qurğuları və tank əleyhinə silahlar əldə ediblər. Azərbaycan həm zərbə endirən, həm də kəşfiyyat aparan pilotsuz uçuş aparatlarının istehsalını davam etdirir. Eyni zamanda İsraildən bu cür aparatları almaqda davam edir”.
Öz növbəsində hərbi icmalçı, “Ermənistanın hərbi-sənaye kompleksi” adlı bloqun müəllifi Samvel Ağababyan bildirib ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad keçirmək üçün deyil, Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün xərcləyir. Onun fikrincə, əməliyyat-taktiki və tank əleyhinə raket sistemləri, raket-artilleriya silahları və baraj dronları xüsusi təhlükə yaradır.
“Yüksək texnologiyalı və uzun məsafəli hədəfləri vurmaq imkanına malik olan bu silahlar Azərbaycan Silahlı Qüvvələrinə birbaşa aktiv döyüşə girmədən dəqiq zərbələr vurmaq və səmərəli döyüş əməliyyatları aparmaq imkanı verir”- deyə, Ağababyan “Qafqaz düyünü”nə müsahibəsində vurğulayıb.
Bakıdakı hərbi parad İrəvan şəhərindəki analoji paraddan bir ay sonra keçirilib ki, bu da bizə iki dövlətin silahlı qüvvələrinin vəziyyətini müqayisə etməyə imkan verir.
İrəvanda keçirilmiş hərbi parad maraqlı, diqqəti cəlb edən heç nə ilə yadda qalmadı. Orada rus hərbçilərinin və din xadimlərinin iştirak etməsindən başqa internetdə heç bir yeni hərbi texnikanın şəkillərinə rast gəlmək mümkün deyil.


Ermənistandakı hərbi paraddan kadrlar
Bakıda keçirilən hərbi paradda isə 240-dan çox hərbi texnika, gəmilər və 70-dən çox təyyarə nümayiş olundu. Bu baxımdan silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, ən son silah və avadanlıqlar - raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları, o cümlədən “Polonez” reaktiv-yaylım atəşi sistemləri, “LORA” operativ-taktiki raket kompleksi xüsusi qeyd edilməlidir.
Paradda hava-yer tipli yeni raketlər, MN-70 yaylım atəşi sistemləri, “Qrad”lar, “Smerç” reaktiv sistemləri, “Qasırğa”, ABŞ istehsalı olan Bell-412 helikopterləri, ORBITER, HERON, HERMES, HAROP pilotsuz uçuş aparatları, T-72m1, T-90S tankları və digər müasir silahlar nümayiş olundu.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1news.az-a açıqlamasında bildirib ki, Bakıda keçirilmiş hərbi paradda Azərbaycan hərbi gücü ilə yanaşı nə qədər dostlarının və müttəfiqlərinin olduğunu da nümayiş etdirdi:
“Ermənistanın isə Rusiyadan başqa heç kəsi yoxdur, silahları isə köhnədir. Ən əsası isə onların ordusu yoxdur. İnsanlar onlara rəhbərlik edən şəxslərin ağlasızmaz ambisiyaları üçün döyüşmək istəmirlər. Ermənistanın Azərbaycana müqavimət göstərmək üçün heç bir maliyyə imkanı yoxdur. Sahib olduqlarını isə Rusiyadan alıblar”.





A.Əlizadə deyib ki, erməni jurnalistlər və siyasətçilər bundan sonra da erməni ordusunun “gücündən” danışmaqda davam edə bilərlər, reallıq isə başqadır:
“Əhali, ehtiyat qüvvə yoxdur. Adətən qorxaq insan dənizin sahilində dayanır və deyir ki, mən qorxmuram, suya isə girmir. Ermənilər də bu cürdülər”.
Xatırlamaq istərdim ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan aprel döyüşlərindən dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan üzərində üstünlüyünü tanıyıb və Azərbaycanın müasir silahlara malik olduğunu, Ermənistan isə 80-ci illərin silahları ilə döyüşdüyünü etiraf edib.
1news.az