Alis Uels: Əfqanıstandakı sülh proseslərində iştirakına görə Azərbaycana minnətdarıq

Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır. ABŞ hökuməti Əfqanıstanda sülhlə bağlı istənilən prosesdə iştirak etdiyinə görə Azərbaycana minnətdarlıq edir.
1news.az xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels Bakıda jurnalistlərə deyib.
Alis Uels qeyd edib ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox ölkənin təmsilçiləri daxildir. Onlar Əfqanıstanda sülh prosesinə və Prezident Məhəmməd Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir:
“Biz Bakı görüşündə də sülhə və Prezident Məhəmməd Əşrəf Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi bildirdik. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən biridir. Bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır”.
1news.az