Şair Ramaldanov: Azərbaycanın Cənubi Qafqazda hərbi üstünlüyü şübhəsizdir – FOTO – VİDEO

İyunun 26-da Bakıda və mayın 28-də Yerevanda keçirilən hərbi paradlar göstərdi ki, Azərbaycanla Ermənistanın silahlı qüvvələri olduqca fərqli gücə malikdirlər.
Bunu 1news.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov da təsdiq edib:
“Nizam-intizamda, paradın keçirilmə miqyasında, proqramında və ssenarisində, hətta iştirakçıların xarici görünüşündə olan fərqləri görmək üçün analitik, yaxud da mütəxəssi olmağa ehtiyac yoxdur. Paradın keçirildiyi meydanlar belə sahəsinə görə biri-birindən ciddi fərqlənirlər. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda təşkil olunan hərbi parad daha əzəmətli, daha gözəl idi”.
Azərbaycan Ordusunun silahlanması da kökündən fərqlənir. Ekspertin sözlərinə görə, Azərbaycan bu gün Türkiyə, Rusiya, İsrail, Belarus kimi ölkələrdə istehsal olunmuş ən müasir silahlara malikdir:
“Bakıdakı paradda ən son modifikasiya olunmuş Rusiya istehsalı olan T-90 tankları, eləcə də BMP ailəsindən ən müasiri olan BMP-3, BTR-82A, o cümlədən raket və artilleriya sistemləri nümayiş olundu.
Ermənistan isə keçirdiyi paradda ancaq “İsgəndər” raket kompleksini sərgilədi. Lakin hələ də onların Ermənistana, yoxsa Rusiyaya məxsus olması ilə bağlı mübahisə gedir. Bundan başqa Rusiya rəhbərliyi bu yaxınlarda bəyan etdi ki, bu silahlar Dağlıq Qarabağda aparılan döyüşlərdə istifadə oluna bilməz. Bu baxımdan “İsgəndər”lərin döyüşlərdə iştirakı böyük sual altındadır”.
Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Azərbaycanın hərbi balansında 26 iyun tarixində keçirilmiş parad zamanı nümayiş olunan ən müasir zirehli vasitələr, ən son silah və avadanlıqlar, raket və artilleriya sistemləri, hava müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları var. Bunlar arasında yaylım atəşli reaktiv sistemli “Polonez” və İsrail istehsalı olan əməliyyat-taktiki raket sistemli LORA xüsusi diqqət çəkir.
Eyni zamanda hava-yer tipli raketlər, yaylım atəş sistemli MN-70, “Qrad”lar, “Smerç” və “Qasırğa” reaktiv sistemləri, ABŞ istehsalı olan Bell-412 helikopterləri, ORBITER, HERON, HERMES, HAROP pilotsuz uçuş aparatları, T-72-m, T-90-C tanklarını və digər silahları göstərmək olar.
Yalnız keçmiş paradda 240-dan çox hərbi texnika, gəmi, 70-dən çox təyyarə nümayiş olundu.
Ş.Ramaldanovun sözlərinə görə, Azərbaycan Ordusunda olan “Polonez”, LORA və müxtəlif artilleriya sistemləri uçuş məsafələrinə görə (300 km-ə qədər) düşmənin bütün hədəflərini vurmaq imkanına malikdirlər:
“Elə texniki vasitələrimiz var ki, düşmənin pilotsuz uçuş aparatlarını tutub öz ərazimizdə endirə bilir. 8 km məsafədə düşmənin zirehli texnikasını məhv etmək gücünə malik tank əlyhinə qurğularımız var. Malik olduğumuz pilotsuz uçuş aparatları isə müxtəlif modifikasiyalı və ölçülü olmaqla müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər”.
Ş.Ramaldanovun fikrincə Azərbaycan Ordusunun gücü Ermənistan rəhbərliyini silahlanma yarışının perspektivləri barədə düşünməyə vadar etməlidir:
“Azərbaycanın seçimi yoxdur – biz istənilən yolla torpaqlarımızı işğalçılardan azad etməli və ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik. Hələ ki, Ermənistanın seçimi var. Ermənistan ağlını başına yığmalı, işğalçı qüvvələrini geri çəkməli və danışıqlara getməlidir.
1news.az