XİN: Ermənistanın daxili qoşun birləşmələrini işğal olunmuş ərazilərdə yerləşdirməsi ordusundakı acınacaqlı vəziyyəti göstərir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistanın daxili qoşun birləşmələrini işğal olunmuş ərazilərdə yerləşdirməsi ordusundakı acınacaqlı vəziyyəti göstərir

12:31 - 04 / 07 / 2018
XİN: Ermənistanın daxili qoşun birləşmələrini işğal olunmuş ərazilərdə yerləşdirməsi ordusundakı acınacaqlı vəziyyəti göstərir

Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir.

Buna münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib.

“Daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir.   

Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik abu-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır.

Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistan işğalçı dövlət olduğunu və rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”- deyə, XİN rəsmisi qeyd edib.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər