Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib - FOTO

14:05 - 10 / 07 / 2018
Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib - FOTO

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü.

Həmçinin Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1033

Son xəbərlər

Bütün xəbərlər