Çavuşoğlundan önəmli mesajlar: ermənilərin təbrik manipulyasiyasına necə son qoydu? | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlundan önəmli mesajlar: ermənilərin təbrik manipulyasiyasına necə son qoydu?

13:19 - 25 / 07 / 2018
Çavuşoğlundan önəmli mesajlar: ermənilərin təbrik manipulyasiyasına necə son qoydu?

Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya rəsmi səfəri zamanı bir daha bəyan edildi. M.Çavuşoğlu bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri  bəyan etdi ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır və Bakının verdiyi istənilən qərarı dəstəkləyir.

Çavuşoğlu, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı və xarici işlər naziri Zöhrab Mnatskanyanı təbriki barədə də məlumatlara aydınlıq gətirib və deyib ki, bu təbrik Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir:

“NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüm. Mən AŞPA-da çalışanda o da Avropa Şurasında Ermənistan təmsilçisi idi. Onunla ayaqüstü salamlaşdım və  xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim.

Baş nazir Nikol Paşinyan da Mnatsakanyanın yanında idi. Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizi dəyişə bilməz. Bizim mövqeyimiz bəllidir: Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik”.

Çavuşoğlu əlavə edib ki, iki ölkə arasında çox gözəl ənənələlər var, bunlardan biri də seçkilərdən sonra ilk səfərlərin qarşılıqlı olaraq Azərbaycana və Türkiyəyə edilməsidir.

Xatırladaq ki, 11 aprel prezident seçkilərindən sonra İlham Əliyev ilk səfərini Türkiyəyə etdi. Rəcəb Tayyib Ərdoğan isə 24 iyun seçkilərindən dərhal sonra Bakıya gəldi. Bu gün iki qardaş ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, bu cür yüksək səviyyəli mütamadi səfərlər isə əlaqələri daha da dərinləşdirir.

Çavuşoğlu Bakıda baş nazir Novruz Məmmədov, həmkarı Elmar Məmmədyarovla görüşb, iki ölkə arasındakı hazırkı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. 

Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcudluğunu, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıdığını deyib. Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir: "Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir.

Türkiyənin XİN rəhbərinin Bakıda verdiyi mesajlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair Ankaranın mövqeyini bir daha səsləndirməsi Ermənistana və bütün dünyaya verilən mesajlar oldu.  

Mövzu ilə bağlı fikirlərini 1news.az-a açıqlayan siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, bu, Türkiyə tərəfindən önəmli bir yanaşmadır:

“Türkiyə cəmiyyəti, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə hər kəs Azərbaycanın bu məsələyə həssas yanaşdığını yaxşı başa düşür. Azərbaycan üçün qırmızı bir xətt var, o da Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı olan proses və Ermənistana olan münasibətdir.  Hansı dövlətin Ermənistana münasibəti necədirsə, biz öz strateji əmkdaşlıq platformamızda bu amilləri nəzərə alırıq. Bu aspektdən Türkiyə də bu faktoru nəzərə alır.

Digər tərəfdən, Türkiyə Azərbaycan münasibətlərini şübhəsiz ki, heç bir iki dövlətin münasibəti ilə müqayisə etmək mümkün deyil. Bu münasibətlər tarixi köklərə, ortaq mədəniyyətə, ortaq dilə söykənir. Eyni zamanda bu faktoru gücləndirən iki dövlət arasında enerji sektorunda güclü əməkdaşlıq faktorudur, bu da möhkəm bir təməl formalaşdırıb. Bu mənada şübhəsiz ki, Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər dəfə Azərbaycana və bütün dünyaya mesajlar ünvanlamaları təbii ki, qəbul edilməlidr. Bu, həmçinin, Ermənistana ünvanlanmış mesajdır ki, Türkiyənin qırmızı xətti Azərbaycanla bağlıdır. Yəni Azərbaycan torpaqlarını işğaldan azad etmədən diplomatik qaydalara, etik normalara uyğun olaraq hansısa müzakirələr, təmaslar ola bilər, ancaq bu, son nəticədə Türkiyənin mövqeyinə hər hansı bir formada təsir göstərməyəcək. Həmçinin, bu açıqlama Ermənistan mətbuatının Mövlud Çavuşoğlunun təbrikindən manupulyasiya etmək meyillərinə nöqtə qoyur”.

E.Mirzəbəyli iki ölkənin gələcək əməkdaşlıqda daha çox hərbi sahəyə üstünlük verməsini əhəmiyyətli sayır:

“Hesab edirəm ki, bu gün əməkdaşlığın genişləndirilməsi üzrə daha çox ehtiyac  duyulan sahə hərbi sahədir. Azərbaycanla Türkiyənin hərbi sənaye kompleksi müstəvisində qarşılıqlı əməkdaşlığı hər iki dövlətin mənafeyinə uyğundur, Azərbaycanın da daha çox bu sahədə, hərbi sənaye kopmleksinin təkminləşdirilməsi istiqamətində qardaş dəstəyinə, yardımına ehtiyacı var.

Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir, son dövrlərdə qardaş ölkənin hərbi sənaye kompleksinin inkişafı istiqamətində ciddi addımlar atılıb, artıq Türkiyə özünü xarici təsirlərdən, xaricdən silah, hərbi texnika almaq ilə bağlı məsələlərə müəyyən qədər nöqtə qoyur və daha çox öz istehslına üstünlük verir. Düşünürəm ki, bu aspekt hər iki dövlətin qarşılıqlı əməkdaşlığında özünü büruzə versə, daha məqsədəuyğun olar”.

P.Sultanova

 

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər