Asim Mollazadə: Paşinyanın hakimiyyəti öz gələcəyinə inanmır

"Nikol Paşinyanın hakimiyyəti əslində özünü bir növ müvəqqəti hakimiyyət kimi aparır və indiyə kimi bu hakmiyyət öz gələcəyinə inanmır".
Bunu 1news.az-a açıqlamasında millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə deyib.
O bildirib ki, Ermənistanda vəd edilən erkən parlament seçkiləri artıq uzun müddətə təxirə salındı:
"Paşinyan siyasətdə hansısa ciddi dəyişiklik həyata keçirə bilmədi. Bu, onunla bağlıdır ki, Ermənistanda sistem hələ oturmayıb və Ermənistan bir müstəqil dövlət kimi fəaliyyət göstərə bilmir. Çünki Ermənistanın sahibləri var və iqtisadiyyatı da, silahlı qüvvələri, sərhəd qoşunları və digər sahələri tamamilə başqa ölkənin tərkib hissəsidir, başqa ölkə tərəfindən idarə olunur. Məhz bu şəraitdə Ermənistanın indiki rəhbərliynin yeganə çıxış yolu var. Bu da sülh istiqamətində addım ataraq, bölgədə ərazi iddialarına, işğala son qoyaraq, yeni bir siyasət həyata keçirərək, qonşu ölkələrlə normal münasibətlər qurmaq nəticəsində müstəqillik istiqamətində addım atmaqdır. Bu olmayana qədər Ermənistan dövləti mövcud olmayacaq. Bu xilas yolunu Azərbaycan prezidenti Ermənistanın yeni rəhbərliyinə öz çıxışlarında göstərib, başqa bir istiqamətdə atılan addımlar Ermənistanı demək olar ki, dünya xəritəsinən silə bilər”.
Millət vəkili Qərbdən, Avropadan Ermənistana ciddi dəstəyin göstəriləcəyini gözləmir. Onun sözlərinə görə, indiyə kimi Ermənistana bir çox ölkələrdən yardımlar verilib və hətta korrupsiya nəticəsində verilən dəstək ünvanına çatmayıb. Erməni lobbisi və diasporu da məhz bu səbəbdən öz dəstəyini azaldıb, çünki çox gözəl bilirlər ki, həmin vəsaitlər hakimiyyət tərəfindən mənimsənilib. Bu vəziyyətdə yenə də təkrar etmək istəyirəm ki, Ermənistanın xilas yolu sülh yoludur, yeganə bir yoldur ki, Ermənistan bu istiqamətdə ciddi addımlar atarsa, onda ölkənin daxilində də zəruri islahatları həyata kçirmək üçün şərait yaradıla bilər.
Ermənistanda bir çox insanlar çox gözəl anlayırlar ki, ölkələri müstəqil deyil, müstəqil siyasət apara bilmir. Müstəqilliyi istəyən qüvvələr təbii ki, öz emosiyalarını ifadə edirlər, lakin söhbət ondan gedir ki, Ermənistan münaqişənin girovudur. Ermənistan Rusiyaya dair, yaxud da digər hansısa bir problemlərdən, vəziyyətdən qurtulmaq istəyirsə, Azərbaycanla sülh yaratmalı və Türkiyəyə qarşı ərazi iddilarına son qoymalıdır, bundan sonra normal mühütdə inkişaf etmək şansı qazana bilər. Bunun baş verib veməyəciyini isə zaman göstərəcək”.
P.Sultanova