Səfir: Mərakeşlə Azərbaycan arasında yeni sənədlər imzalanacaq

Bakıda Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkələrin səfirlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən səfir Məhəmməd Adil Embarş deyib ki, kral Vİ Məhəmmədin taxta çıxmasının 19-cu ili tamam olur. O vurğulayıb ki, "Taxt-Tac Gününün qeyd olunmasının ölkələri üçün əhəmiyyəti böyükdür.
Diplomat Mərakeşin əldə etdiyi nailiyyətlərdən danışıb, son 12 ay ərzində sənayenin inkişafı üçün işlərə başlanıldığını deyib:
“Artıq xarici şirkətlər ölkəmizin iqtisadiyyatına və infrastrukturunun yenilənməsinə investisiyalar qoyur. Mərakeş öz inkişafına görə, Afrika qitəsində ilk yerdədir".
Səfir Azərbaycanla əlaqələrdən söz açıb, iki dövlət arasında çox yaxşı münasibətlərin olduğunu vurğulayıb. Əlavə edib ki, bu il keçirilən hökumətlərarası birgə komissiyanın iclası da buna sübutdur. O, iki ölkə arasında müxtəlif sənədlərin imzalandığını və bir sıra sənədlərin imzalanmaq üçün hazır olduğunu deyib. Məhəmməd Adil Embarş Azərbaycanın Qərbi Böyük Səhra məsələsində tutduğu konstruktiv mövqeyinə görə təşəkkür edirb.
Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Gündüz Cəfərov qəbulda çıxış edərək bayram münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini söyləyən G.Cəfərov deyib ki, mövcud siyasi dialoq ölkələrimizin əməkdaşlığının inkişafına xüsusi töhfə verir: “İqtisadi sahədə də yaxşı əməkdaşlıq mövcuddur. İmzalanmış və imzalanmağa hazırlanan sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var”.
Nazirliyin rəsmisi əmin olduğunu bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri gələcəkdə də xalqlarımızın rifahına töhfə verəcək.
P.Sultanova