Millət vəkili: Prezidentin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkili: Prezidentin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir

16:38 - 02 / 08 / 2018
Millət vəkili: Prezidentin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir

Azərbaycanda sosial məsələlər, əhalinin sosial rifahının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki,  iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır.

Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda keçirilən  Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində dövlət başçısı  ölkədə sosial siyasətin uğurla aparıldığını və bunun davam edəcəyini vurğulayıb. Dövlət başçısı müharibədən, işğaldan əziyyət çəkən köçkün, qaçqın soydaşlarımızın da dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu vurğulayıb. Əlavə edib ki, sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev mövzu ilə bağlı 1news.az-a bildirib ki, Azərbaycan dövlətinin sosial siyasəti daim vətəndaşlarımızın müdafiəsinə, sosial rifahının yüksəlməsinə yönəlib. Heç də təsadüfi deyil ki, ölkə başçısı bütün çıxışlarında "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - fikrini xüsusilə vurğulayır.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə 2003-cü ildən indiyə qədər ötən dövrdə olduqca böyük, sürətli iqtisadi inkişaf əldə olunub:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi də bunun daha bir  göstəricisidir. Bu kateqoriyadan olanlara dövlət daim xüsusi qayğı göstərib. Prezident həmin mərasimdə vurğuladı ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib. Dövlət başçısı qeyd etdi ki, bu, dövlətin qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir.

Ölkə rəhbəri xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsinin də prioritet məsələ olduğunu qeyd etdi, növbədə duran bu kateqoriyadan olan bütün insanların imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəyini vurğuladı.

Baxmayaraq ki, son illər ərzində dünyada baş verən hadisələr, iqtisadi və siyasi proseslər, xüsusən də ümumdünya iqtisadi böhranı, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın ümumi gəlirlərinin nisbətən azalmasına səbəb olub, ümumi strateji xətt yenə də davam etdirilir. Strateji xətt isə bundan ibarətdir ki, ilbəil Azərbaycanda yaşayış minimumu artır, orta aylıq əməkhaqqı, təqaüd də yüksəlir, təminatlar artır, insanların məşğulluğu daim dövlət başçısının nəzarətində saxlanılır. Azərbaycanda əhalinin məşğulluq probemi həll edilir, işsizliyin səviyyəsi kəskin aşağı düşüb. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusən də son illərdə ölkə başçısının sahibkarlığın daha da inkişaf etdirilməsi üçün ard-arda imzaladığı fərman və sərəncamlar burada mühüm əhəmiyyət daşıyır. 11 strateji inkişaf istiqaməti, yol xəritəsi, regional inkişaf proqramları və sair mühüm sənədləri də misal gətirmək mümkündür. Sözsüz ki, bütün bunlar insanlarımızın sosial rifahının yüksəldilməsi üçün atılan addımlardır. Aqrar sahənin, turizm, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları sektorlarının inkişaf etdirilməsi də sosial siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Çünki, bu sahələrin tərəqqisi son nəticədə Azərbaycan əhalisinin həyat tərzinə, sosial durumuna bilavasitə təsir edir.

Büdcəmiz də sosial yönümlüdür, neftin, manatın ucuzlaşmasına baxmayaraq Azərbaycanda dövlət tərəfindən sosial layihələrin maliyyələşməsi dayandırılmadı. Bu ilin büdcəsində profsit yaranıb, onun da sosial istiqaməyə yönləndiriləcəyi istisna deyil. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi deməkdir. Yəni, bizim hədəflərimiz, gedəcəyimiz yol, aparılan siyasət bəllidir". 

Millət vəkili deyib ki, dövlət başçısı həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxundu, bir daha bəyan etdi ki, münaqişəsinin həllinin bir yolu var, bu da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır: "Dövlət başçısı bildirdi ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Münaqişə ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi var və bu mövqe haqlı mövqeydir. Ümid edirik ki, Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkün olacaq".

1news.az

Paylaş:
927

Son xəbərlər

Bütün xəbərlər