"Taliban"nın girov götürdüyü 149 nəfər azad olunub
Əfqanıstan hökuməti “Taliban” yaraqlıları tərəfindən girov götürülən üç sərnişin avtobusunda olan sərnişinlərdən 149 nəfərini xilas edib.
1news.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Sərnişinlərdən 21 nəfəri isə əsrlikdə qalır.
Daha əvvəl “Taliban” nümayəndəsi Reuters-ə bildirib ki, avtobusda mülki vətəndaşları azad etməyi planlaşdırırlar, ancaq sərnişinlər arasında olan Əfqanıstan təhlükəsizlik qüvvələri əsir saxlanılacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında "Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar. Sərnişinlərin sayının 170-dən çox olduğu bildirilirdi.
Son günlərdə "Taliban" hərəkatının üzvləri fəallaşıblar. Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı ilə əlaqədar "Taliban"la atəşkəs elan etməsinə qarşı tərəfdən hələ ki, cavab gəlməyib.
1news.az