Politoloq: Merkel İrəvanda Minsk qrupunun Almaniya ilə əvəzlənməsini təklif etdi

Almaniyanın federal kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri əslində çoxdan gözlənilən səfər idi. Çünki Qərb Cənubi Qafqaz regionunda ciddi siyasət qura bilməmişdi.
Cənubi Qafqaz ümumilikdə Avropa İttifaqının qonşusudur və buradakı problemlərin artıqlığı Avropa İttifaqı üçün də gərginlik yarada bilər. Ümumiyyətlə Qərbin Cənubi Qafqaz siyasətini qura bilməməsinin ən əsas səbəbi bu regiona ermənipərəst prizmadan yanaşması idi. Ermənipərəstliyin əsasını da Dağlıq Qarabağ məsələsi təşkil edirdi.
Almaniya həmişə Qarabağ məsələsində ədalətli mövqeyə malik olub. Ərazi bütövlü prinsipini ardıcıl dəstəkləyib. Hətta 2015-ci ildə Aİ-nin Riqa sammiti zamanı A.Merkel Serj Sərkisyana zorla yekun sənədə qol çəkdirdi. Sənəddə “Şərq Tərəfdaşlığı” üzvü olan ölkələrin ərazi bütövlüyü prinsipi və dövlət suverenliyi prinsipinə dəstək bildirilirdi. Almaniya özü ATƏT-ə sədrlik etdiyi dövrdə xüsusi aktivlik nümayiş etdirməsə də mövqeyindən də geri çəkilmədi. Bir vaxtlar Almaniyanı aşkar şəkildə Dağlıq Qarabağ tənzimlənməsinə cəlb etmək cəhdləri olub. Azərbaycan Fransanın əvəzinə Almaniyanın həmsədr olmasına çalışırdı.
Sonra da Almaniyanın aktivləşməsi istiqamətində xeyli cəhdlər olub. Almaniya bunların hamısını diqqətdən kənarda saxlamışdı. Amma indi regiona səfəri zamanı Ermənistanda olarkən A.Merkel Dağlıq Qarabağ tənzimlənməsi prizmasından sensasiya kimi qəbul edilən mövqe nümayiş etdirdi. O, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu bildirdi. A.Merkel ATƏT-in üzvü olan dövlətin başçısı olsa da ATƏT-in Minsk Qrupuna dəstək vermədi. Ermənistanın ən çox üstündə dayandığı məsələlərdən biri də məhz budur ki, Dağlıq Qarabağ münaqişəsi məhz ATƏT-in Minsk Qrupu vasitəsilə tənzimlənməlidir. Ermənilər üçün daha şok fakt ondan ibarət oldu ki, Almaniyanın kanslerinə Ermənistanda almaniyalı jurnalist bundestaqın A.Merkelin rəhbərlik etdiyi partiyadan deputatı olan A.Vaylerin nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılması ilə bağlı sual verdi. Vayler işğal olunmuş torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etdiyi üçün Azərbaycan onu nümayəndə heyətinin tərkibində öz ölkəsinə daxil olmasına icazə verməyəcəyini bildirmişdi. A.Merkel Vaylerin başqa bir deputatla əvəzlənməsi barədə qərar qəbul edildiyini bildirdi.
A.Merkelin vasitəçilik missiyasını irəli sürməsi hər halda kifayət qədər effekt yarada biləcək. Almaniya Avropanın lokomotiv dövlətlərindən biridir. Ermənistanda isə hələ ki, “kütlük diplomatiyası” hökmrandır. Nikol Paşinyan sadəcə guya bəzi məsələləri bilmir, özünü bilməməzliyə vurub. Amma bu vəziyyəti dəyişmir. Dağlıq Qarabağ tənzimlənməsində Almaniyanın öz vasitəçilik missiyasını irəli sürməsi artıq keyfiyyət dəyişikliyidir. Bu istər-istəməz Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yaradacaqdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq