Mübariz Əhmədoğlu: Merkel Yerevanda olarkən Azərbaycan və Türkiyənin  maraqlarını mümkün qədər nəzərə aldı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Merkel Yerevanda olarkən Azərbaycan və Türkiyənin  maraqlarını mümkün qədər nəzərə aldı

11:33 - 31 / 08 / 2018
Mübariz Əhmədoğlu: Merkel Yerevanda olarkən Azərbaycan və Türkiyənin  maraqlarını mümkün qədər nəzərə aldı

Almaniyanın federal kansleri A.Merkel regiona səfər turnesi çərçivəsində Yerevanda oldu. Ermənistanın baş naziri N.Paşinyan, prezident A.Sərkisyan, Bütün Ermənilərin Katolikos-Patriarxı II Qareginlə görüşdü.

A.Merkelin Ermənistanda vətəndaş cəmiyyətinin və ya müxalifətin təmsilçiləri ilə görüşü barədə heç bir məlumata rast gəlməmişik. A.Merkel N.Paşinyanla birlikdə mətbuat konfransı keçirdi. Mətbuat konfransında baş nazir N.Paşinyan Serj Sərkisyan dövrünün şablonlarını təkrarladı: “Biz xarici siyasətimizi iri dövlətlərin  ziddiyyətləri üzərində qurmuruq”, çox məsələlər üzrə bizim mövqeyimiz Almaniyanın mövqeyi ilə üst-üstə düşür və s. A.Merkel Ermənistanda baş verənlərə müsbət münasibətini bildirdi. O, Ermənistan-Aİ müqaviləsinin reallaşmasına dəstəyini vəd verdi. Eləcə də viza liberallaşması prosesində tərəqqiyə ümid etdiyini və kömək edəcəyini açıqladı. A.Merkel baş nazir, prezidentlə birlikdə Yerevanın mərkəzi hissəsinə gəzintiyə çıxdı.

Bütün Ermənilərin Katolikosu II Qaregin A.Merkellə görüşü zamanı Ermənistanın daxilindəki vəziyyətdən daha çox Türkiyədəki vəziyyət və Dağlıq Qarabağ problemi barədə məlumat verdi. II Qaregin Azərbaycanın dini-mədəni abidələri dağıtması barədə erməni müəlliflərinin kitabını A.Merkelə təqdim etdi. II Qaregin Merkelin rəhbəri olduğu “Xristian-Demokrat İttifaqından” alman bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz deputat qrupunun sədr müavini A.Vayleri ayrıca qəbul etdi.

A.Merkel “erməni soyqırımı” abidəsinə baş çəkdi. Onun “erməni soyqırımı” terminini işlətməməsi diqqəti çəkir. A.Merkel 1915-ci ilin faciəvi hadisələri terminindən istifadə etdi.

A.Merkelin Ermənistana səfəri zamanı davranışında və verdiyi bəyanatlarda kifayət qədər ciddi yeniliklər var idi:

ı. A.Merkel “Xristian-Demokrat İttifaqı”nın başçısı olsa da o Ermənistanda xristian faktorunu mümkün qədər gizlətdi. A.Merkelin səfəri gözlənildiyindən tez başa çatdı. Amma onun II Qareginlə görüşü barədə məlumat A.Merkel nəinki Ermənistanı, hətta Azərbaycanı tərk etdikdən sonra yayıldı. Ehtimal ki, bu Almaniya tərəfinin Ermənistan qarşısında tələbi idi.

Yeri gəlmişkən İran İslam Respublikasında bəzi qüvvələr A.Merkelin 3 Cənubi Qafqaz ölkəsinə səfərini xristian dövlətlərinə dəstək, müsəlman Azərbaycanına isə aşağılayıcı kimi təbliğ etməyə çalışırlar. İki arqumentləri var. Birinci arqument, A.Merkelin xristian partiyasının başçısı olmasıdır. İkinci arqument, A.Merkelin Ermənistanda II Qareginlə görüşdüyü halda Bakıda olarkən Bütün Qafqazın Şeyxülislamı H.A.Paşazadə ilə görüşməməsidir. Ermənistanda din dövlət təbliğat maşınının komponentidir. Ona Ermənistan gələn xarici dövlət başçılarının II Qareginlə görüşməsi protokulun tələbidir. Gürcüstan və Azərbaycanda isə belə deyil.

Göründüyü kimi A.Merkel Ermənistanda olarkən xristian faktorunu mümkün qədər gizlətdi, davranışında Azərbaycan və Türkiyə parametrini nəzərə aldı.

ıı. “Erməni soyqırımı” terminini işlətməməsi Türkiyə ilə əlaqəlidir.

ııı.A.Merkel çəkinmədən partiya yoldaşı A.Vayleri nümayəndə heyətindən uzaqlaşdırdı. A.Vayler Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqedə idi. A.Merkel A.Vayleri nümayəndə heyətinin tərkibindən və Almaniya-Cənubi Qafqaz qrupundan uzaqlaşdırmaqla bağlı qərarını məhz Ermənistanda keçirdiyi mətbuat konfransında elan etdi. A.Merkel Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunun da Ermənistanda bəyan etdi. Konsensus mexanizminə görə Ermənistan yalnız ATƏT MQ-nin vasitəçiliyində maraqlıdır. İstənilən dövlətin vasitəçiliyi və ya istənilən alternativ vasitəçilik Ermənistanın maraqlarına ziddir. A.Merkel faktiki olaraq Almaniyanı ATƏT MQ-yə alternativ vasitəçi kimi təqdim etdi. Dağlıq Qarabağ tənzimlənməsində nümayiş etdirdiyi mövqedə isə Azərbaycan faktorunu tam nəzərə almışdı.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər