Nəzakət Məmmədova: Putin Əliyevlə görüşdən sonra Paşinyanı fakt qarşısında qoyacaq | 1news.az | Xəbərlər
Siyasət

Nəzakət Məmmədova: Putin Əliyevlə görüşdən sonra Paşinyanı fakt qarşısında qoyacaq

12:23 - 04 / 09 / 2018
Nəzakət Məmmədova: Putin Əliyevlə görüşdən sonra Paşinyanı fakt qarşısında qoyacaq

Azərbaycan prezidentinin Rusiyaya bu günlərdə baş tutan səfəri nəinki regional, qlobal əhəmiyyətli hadisədir.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Prezident İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən deyib.

“Beynəlxalq münasibətlərdə yeni dünya nizamının formalaşmaqda olduğu indiki dövrdə böyük güc mərkəzləri olan ABŞ, Rusiya və Avropa Birliyi Yaxın Şərqdə səngiməkdə olan dünya düzəninin istiqamətinin formalaşması prosesinin istiqamətini Cənubi Qafqaza yönəldiblər. ABŞ-la bir sıra məsələlərdə ziddiyyətli münasibətdə olan Rusiya, İran və Türkiyənin bilavasitə sərhədlərində istiqrarsızlıq yaratmaq üçün Rusiyanın forpostundan Amerikanın forpostu statusuna keçid alan Ermənistan böyük güclərin geosiyasi savaşında zəif bənd və poliqon rolunda çıxış edir.

Belə bir şəraitdə Azərbaycan kimi sabit, inkişaf edən, güclü potensiala malik olan ölkənin mövqeyi güc tarazlığını saxlamaqda və regionun qeyri-sabitlik məkanına çevrilməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycanın Çindən İngiltərəyə, Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Qərbi Avropaya qədər uzanan Bakı-Qars və Şimal-Cənub layihələrində çox mühüm strateji əhəmiyyətli ölkə olduğunu deyən N.Məmmədova bunun Rusiya prezidenti tərəfindən də vurğulanmasına diqqət çəkib:

“Prezident Putin də Soçidə qeyd edib ki, Şimal-Cənub layihəsi üzrə mövcud olan 7 min kilometr uzunluğunda yolun böyük hissəsi Azərbaycan və Rusiyadan keçir. Deməli, Azərbaycan həm də Qərbi Avropa ilə Yaxın Şərq, o cümlədən İran arasında mühüm körpü rolunda çıxış edir və deməli beynəlxalq sanksiyalar rejiminə deyil, əməkdaşlığa öz töhfəsini vermiş olur.

Bununla yanaşı, Rusiya geopolitikləri Azərbaycanı Türkiyə və İranla Rusiyanın əlaqələrində mərkəzi dövlət adlandırırlar ki, bu da həmin ölkə başçılarının sentyabrın 7-də Təbriz sammiti ərəfəsində Əliyev-Putin görüşünün əhəmiyyətindən xəbər verir. Habelə, Lavrovun bu saatlarda verdiyi bəyanatlara görə, bu yaxınlarda Paşinyan Rusiyaya dəvət olunacaq və ondan Rusiya, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında götürdüyü öhdəliklərə riayət olunması tələb olunacaq”.

Görünür, Putin Əliyevlə görüşdə bir sıra razılaşmalar əldə edildikdən sonra Paşinyanı fakt qarşısında qoyacaq. Bir məsələdə əminliklə demək olar ki, bundan sonra proseslərin inkişafının Azərbaycanın xeyrinə və Ermənistanın zərərinə olan istiqamətdə inkişafı ehtimalı böyükdür. Xüsusilə, Dağlıq Qarabağ məsələsində ölkəmizin xeyrinə mühüm irəliləyişlər gözləmək olar. Avropa və ABŞ-la natamam, qeyri-müəyyən əməkdaşlıq edən və qeyri-adekvat siyasi tərəddüdlərlə istiqrarsızlığa sürüklənən Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycan daha inamlı əməkdaşlıq strategiyası yolu ilə irəliləyir”.

Babək Cahandarov

Paylaş:
1276

Son xəbərlər

Bütün xəbərlər