AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 8-12 oktyabr tarixlərində Strasburqda keçiriləcək payız sessiyasının ilkin gündəliyi açıqlanıb.
1news.az AŞPA-nın saytına istinadla xəbər verir ki, sessiyanın ilk günü Büro və Daimi komitənin tərəqqi hesabatı təqdim ediləcək, Türkiyədə iyunun 24-də keçirilmiş erkən prezident və parlament seçkilərinə dair müşahidə missiyasının hesabatı açıqlanacaq.
Həmçinin, sessiya günlərində "Vaslav Havel" mükafatı təqdim ediləcək, bəzi ölkələrin Avropa İnsan Haqları məhkəməsinə hakimləri seçiləcək.
Sessiya çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova "Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzusunda məruzə edəcək.
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın baş nazirinin müavini Marija Buric, qurumun baş katib Torbyorn Yaqland sessiyada çıxış edib, sualları cavablandıracaqlar.
Sessiyanın sonuncu günü Avropada nüvə təhlükəsizliyinə dair debat olacaq.
P.Sultanova