Mübariz Əhmədoğlu: Paşinyanın həyat yoldaşı “Haykakan Jamanak” qəzeti vasitəsilə “döyüşlə kəşfiyyat” aparır

Anna Akopyan baş nazir N. Paşinyanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda “Haykakan Jamanak” (Erməni vaxtı) qəzetinin idarəedicisidir.
Hesabat ayı ərzində A.Akopyan “Haykakan Jamanak” qəzetinin siyasi proseslərə, dövlət idarəçiliyinə müdaxiləsini artırmış, özü müxtəlif proseslərə yön verməyə çalışmış və Fransada səfərdə olmuşdu. Fransaya səfərini keçən ildən hansısa ailəvi dostunun bunlara Fransaya ödənilmiş səfər dəvəti göndərməsi ilə əlaqələndirdi. A.Akopyanın tələskənliyi, bəlkə də səriştəsizliyi bu məsələdə daha öndə oldu. Ermənistanın Fransadakı səfirinin avqust ayında Fransa rəhbərliyində hamının məzuniyyətdə olması xəbərdarlığı A.Akopyanın səfər niyyətindən daşındırmadı. Bir neçə erməni icma təmsilçiləri ilə görüşdü, qalan vaxtını turist kimi gəzintiyə sərf etdi. Erməni icması ilə keçirdiyi görüş diqqət çəkən olsaydı, ya A.Akopyanın özü, ya da Fransadakı erməni icmasının təmsilçiləri məlumat yayardılar. Buna rast gəlmədik.
A.Akopyanın “Haykakan Jamanak” qəzeti vasitəsilə “döyüşlə kəşfiyyat aparması” açıq şəkildə göz qabağındadır:
General mayor Manvel Qriqoryanın həbsxana kamerasından çəkilmiş foto şəklini qəzetində yerləşdirdi. M.Qriqoryanın yazıq vəziyyəti şəkildə təsvir olunmuşdu. Həbsxanada şəkil çəkilməsi qadağan edildiyi üçün sosial şəbəkələr hay-küy qaldırdılar. Ədliyyə naziri və Ermənistan polisinin rəisi izah verməkdən müxtəlif yollarla yayındılar. Sonradan Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanetsyan şəklin onun yüksək rütbəli zabiti tərəfindən çəkildiyini etiraf etdi. A.Vanetsyan bu zabitin günahı sübut olunsa, onun haqqında cinayət işi başlanacağını, digər variantda isə işdən azad olunacağını bildirdi. Ehtimal ki, M.Qriqoryanın çətin durumda olan şəklini Anna Akopyan çəkdirib və bununla erməni oliqarxlarını acınacaqlı həbsxana həyatı ilə qorxudur. Məqsədi isə oliqarxlardan həm dövlət büdcəsinə, həm də şəxsi büdcələrinə pul almaqdır. “Şəxsi büdcə” ifadəsini təsadüfən işlətmədik. Eks-prezident R.Köçəryan Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın evindən götürülmüş pulun yalnız 50 faizinin rəsmən qeydiyyata alındığını bildirdi. 50 faizinin hara getdiyi bəlli deyil.
“Haykakan Jamanak” qəzeti ayrı-ayrı iri biznesmenlər və şirkətləri eks-prezident R.Köçəryanla biznes əlaqəsində olmaqda şantaj edir. Guya o şirkətlərdə R.Köçəryan paya malikdir. “Zvartnots” aeroportu bunu açıq şəkildə inkar etdi və mühasibatlıq sənədlərini təqdim etməyə hazır olduğunu bildirdi.
A.Akopyanın rəhbərlik etdiyi “Haykakan Jamanak” qəzeti eks-prezident R.Köçəryanın media-maqnat olması ilə bağlı məlumatlar yaydı. Ermənistanın bütün aparıcı KİV-lərinin R.Köçəryan tərəfindən satın alındığını bildirdi. Ermənistanın ən populyar saytlarından olan News.am saytı və digər KİV-lər bunu inkar etdilər. A.Akopyan mətbuatı bu qaydada şantaj edib, öz nəzarəti altına keçirmək istəyir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq