Temperatur 6 dərəcəyə qədər enəcək, yağış, dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Temperatur 6 dərəcəyə qədər enəcək, yağış, dolu yağacaq

14:56 - 14 / 09 / 2018
Temperatur 6 dərəcəyə qədər enəcək, yağış, dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759 mm civə sütunu, nisbi rütubət  gecə 60-70,  gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində sentyabrın 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. 

Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi  əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə isti təşkil edəcək.    

Meteoroloqların xəbərdarlığına görə, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər