Mübariz Əhmədoğlu: Həmsədrlər ibtidai sinif müəllimi olmaq istiqamətində ciddi irəliləyiş əldə etdilər

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü barədə yaydıqları bəyanat əvvəlkilərdən keyfiyyətinə görə fərqlənir. Ola bilər, həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi ilə uzun müddət məşğul olmadıqları üçün bəzi vərdişləri itir, bəzi məsələləri unudublar:
- Həmsədrlər bəyanatı bir sutkadan çox gecikdirmə ilə yaydılar. Azərbaycan və Ermənistan Xİ nazirləri və prezidentləri arasındakı görüşlərdən sonra ATƏT MQ-nin bəyanat yayması bu görüşlərin atributuna çevrilib. Bir sutkadan çox gecikmə haqlı olaraq sual yaratmalıdır. Yalnız prezidentlərin 2016-cı ilin iyununda Sankt-Peterburqda üçtərəfli görüşündən sonra həmsədrlər bəyanat yaymayıblar. Çünki o görüş RF prezidenti V.Putinin təkbaşına təşəbbüsü idi.
- Bəyanatın quruluşunda, keyfiyyətində fərq var. Bəyanatın ümumi ruhu Dağlıq Qarabağ münaqişəsi regionunda son baş verənlərə uyğun deyil.
- a) Xİ nazirlərinin son görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində ciddi dəyişikliklər baş verib.
- b) Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində atəş açaraq Azərbaycanın döyüş postlarından birini dağıtmaları barədə rəsmən məlumat yaydı.
- c) Baş nazir N.Paşinyan 3-4 gündə Ermənistanın 3-4 Azərbaycan hərbçisini öldürdüyünü bildirdi və bunu bütün erməni mətbuatı yaydı.
ç) N.Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etdiyini açıqladı.
Ermənistan tərəfindən də itkilər var.
Ermənistanın Dağlıq Qarabağın statusunu müəyyən etməklə ATƏT MQ-nin rolunu sıfıra endirməklə bağlı günahı ilə tutaq ki, Azərbaycanın atəşkəs rejimini pozmaq günahını eyniləşdirmək normal düşüncəli insanlara xas deyil. Bunun üçün gərək erməni olasan. Qoşunların təmas xəttində və dövlət sərhədində hər iki tərəfin xeyli hərbi təlim keçirməsi fonunda ATƏT MQ həmsədrlərinin belə laqeydliyini yalnız psixoloqlar başa düşə bilərlər.
Əgər ATƏT MQ həmsədrləri son bəyanatında
ı. erməni olmaq istəməyiblərsə,
ıı. psixoloqun qəbuluna düşmək üçün müraciət yazmayıblarsa,
bu halda həmsədrlərin ibtidai sinif müəllim olmaq arzusunun yarandığını deyə bilərik. Qarşısında oturan Xİ nazirləri birinci sinif şagirdləridir və Nyu-Yorkda hər cür şəraiti olan məktəb otağında həmsədrlər onlara dərs keçirlər.
Dağlıq Qarabağ tənzimlənməsinin yubanması indi ona gətirib çıxarıb ki, həmsədrlər özlərini rüsvay edirlər. Həmsədrlər tənzimlənməni nə qədər tez başa çatdırsalar özlərinə xeyirdir. Tənzimlənmədə çətinlikləri varsa, Azərbaycan ordusuna müraciət edə bilərlər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq