Siciliyada zəlzələ olub, xəsarət alanlar var
Oktyabrın 6-na keçən gecə Siciliyanın Kataniya əyalətində 4,8 bal gücündə zəlzələ olub.
1news.az xarici KİV-lərə istinadla xəbər verir ki, ilk yeraltı təkan yerli vaxtla saat 02:34-də qeydə alınıb. Zəlzələnin episentri Santa-Mariya-di-Likodiya şəhəri rayonunda yer səthindən 9 kilometr dərinlikdə yerləşib. İlk yeraltı təkanın ardından 20-yə yaxın afterşok qeydə alınıb. Zəlzələnin Etna vulkanının aktivləşməsi səbəbindən baş verdiyi istisna edilmir.
Yerli yanğınsöndürmə xidmətinin məlumatına əsasən, Santa-Mariya-di-Likodiya şəhərində, həmçinin qonşuluqda yerləşən Byankavilla və Adran kəndlərində bəzi tikililər dağılıb. Təbii fəlakət nəticəsində bir neçə nəfər xəsarət alıb. Bu yaşayış məntəqələrinin sakinləri evlərini tərk edərək açıq havada gecələyiblər.
Apennin yarımadasında seysmik aktivlik bir müddətdir davam edir. Belə ki, aprel ayında İtaliyanın mərkəzi və cənub hissəsində 4,2 və 4,7 bal gücündə zəlzələ baş vermişdi. 2016-cı il avqustun 24-nə keçən gecə isə İtaliya 6 bal gücündə dağıdıcı zəlzələnin təsirinə məruz qalmışdı. Təbii fəlakət Latsio, Marke və Umbriya vilayətlərində 299 nəfərin ölümünə səbəb olmuşdu. Rəsmi məlumata əsasən, zəlzələ ölkəyə 4 milyard avro zərər vurmuşdu.