Ermənistanın Almaniyadakı səfiri mafiya qrupları ilə əlaqədə şübhəli bilinir
Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri, “Mitteldeutscher Rundfunk” ictimai teleradio kompaniyası, Almaniya Federal Polis Təşkilatı erməni mafiyasının üzvlərini həbs etmək məqsədilə təxminən üç ildir araşdırma aparıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, polisdə hətta Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanla bağlı şübhələr olub.
“Azatutyun.am” saytı bu nəşrlərə istinadla yazır ki, erməni mafiya qruplarını aşkar etmək məqsədilə son illər Almaniya polisi tərəfindən kod adı FATIL (Fight against thieves in law — “qanuni oğrularla mübarizə”) olan xüsusi bir əməliyyat hazırlanıb. Əməliyyat yüksək dərəcədə sistemləşdirilib və Federal Təhqiqat Xidməti, Avropa Polis təşkilatı, o cümlədən İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanlarının köməyi ilə həyata keçirilib.
“Der Spiegel"ə görə, bir neçə il davam edən istintaq Almaniyada cinayətkar qruplara qarşı ən böyük əməliyyatlardan biri olub. Nəticədə, hüquq-mühafizə orqanları əməkdaşları erməni mafiya qruplarının Almaniyada dərin kökləri olduğunu və güclü bir şəbəkə yaratdıqlarını aşkar ediblər, amma yetərincə sübutların olmaması səbəbindən şübhəli şəxslər həbs edilə bilməzdi.
Alman jurnalistlərinə görə, erməni cinayətkar qrupları 2014-ci ildən bu yana, Tyurinqiya federal əyalətinin paytaxtı Erfurtdakı bir kazinoda atışmadan sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olublar. Şahidlərin sözlərinə görə, iki cinayətkar dəstənin üzvləri lüks avtomobillərlə hadisə yerinə gəlib, iki ermənini (27 və 54 yaş) silahla ağır yaralayıblar, sonra eyni maşınlarla böyük səs-küylə hadisə yerindən uzaqlaşıblar. Həmin ərazidə 20-dən çox giliz aşkarlanıb.
Hüquq-mühafizə orqanları 42 nəfər barəsində 14 cinayət işi açıb. Həmçinin, çirkli pulların yuyulması ittihamı üzrə istintaqa başlayıb. Bundan əlavə, bu qanlı hadisədən sonra Almaniyada yaşayan ermənilərdən birinin restorana da hücumu edilib.
Almaniyada yaşayan tanınmış erməni boksçular - Artur Abraam və Karo Muratın da adları bu işdə çəkilir. Lakin hüquq-mühafizə orqanları əməkdaşları bu və digər şübhəlilərə qarşı inandırıcı sübutlar tapa bilməyiblər.
Eyni zamanda, nüfuzlu Almaniya mətbuatı yazır ki, bir neçə ay öncə, bu ilin mart ayında Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan Tyurinqiya əyalətinin polis rəisi ilə görüşərək, erməni cinayətkar qruplarının aşkarlanması məsələsində rəsmi Yerevanın köməyini təklif edib.
Ancaq federal polis gizli şəkildə öz həmkarlarına səfirlə əməkdaşlıq etməməyi məsləhət görüb:
"Bundan söhbət belə gedə bilməz, səbəb isə mafiya qrupları ilə Ermənistan hakimiyyətinin mümkün birləşməsidir”, “Der Spiegel” gizli hesabata istinadla yazır. O da qeyd edilib ki, hüquq-mühafizə orqanlarında prezident Serj Sarkisyanın 2015-ci ildə Almaniyaya təyin etdiyi səfirin cinayətkar qruplarla əlaqə qurmasına dair şübhələr var, lakin bu şübhələrin təsdiqi üçün heç bir dəlil tapılmayıb.
Daha əvvəl, 2008-ci ildə səfirliyin əməkdaşı olan Smbatyanı Federal Kəşfiyyat Xidməti beynəlxalq qaçaqmalçılıqda şübhəli bilib, lakin bu işlə bağlı da kifayət qədər sübut tapılmayıb və istintaq dayandırılıb.
Aşot Smbatyan ötən həftə, eyni zamanda Ermənistanın Lixtenşteyndə səfiri vəzifəsinə təyin olunub, barəsində səsləndirilən ittihamları isə qəti şəkildə rədd edib.
Ermənistan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, mətbuatdakı bu iddiaların etibarlılığını aydınlaşdırmaq üçün Almaniya hökumət orqanları ilə əlaqə saxlanılıb.
"Məsələin həssaslığını və diplomatik missiyamızın normal fəaliyyətinə mümkün təsirini nəzərə alaraq, indiki zamanda əlavə şər verməyi qeyri-mümkün hesab edirik. Biz nəticələrə uyğun əlavə məlumat verəcəyik ", - deyə Ermənistanın XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
P.Sultanova