Sarkisyanın mühafizəsinin sabiq rəisi yenidən həbs edilib
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın təhlükəsizlik xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan həbs olunub.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu qərar Baş Prokurorun vəsatəti əsasında kassasiya məhkəməsi tərəfindən qəbul edilib.
Qeyd edək ki, Kazaryan 2018-ci il iyunun 25-də bankdan çanta dolu pulla çıxarkən saxlanılıb. Ondan 123 min dollar, 436 milyon dram (904 min dollar) aşkarlanıb.
Evində axtarış zamanı isə onun həyat yoldaşından 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro tapılıb. Kazaryana məxsus "Yans Club" da isə yarım milyon dollardan artıq nağd pul aşkar edilib.
O, qanunsuz gəlir əldə etməkdə ittiham olunub. 24 iyul tarixində 1 milyard dram (iki milyon dollardan çox) girov müqabilindəazadlığa çıxıb. Girov məbləğini kimin təqdim etdiyi açıqlanmayıb.
P.Sultanova