Paşinyan səsyazısı barədə: Bu, Ermənistana və onun dövlətçiliyinə qarşı müharibədir - VİDEO
Sosial şəbəkələrdə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığı yayılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsi və mümkün nəticələri barədə müzakirələr aparırlar. Xüsusilə, Vanetsyan Xaçaturovun həbsinin "ruslarla münasibətləri çətinləşdirə bilər”, deyir.
"Gəlin, Koçaryanla məsələni bitirək, sonra Xaçaturovla nə edəcəyimizə baxarıq”, Vanetsiyan deyir və Paşinyan da onunla razılaşır.
Paşinyan əlavə edir ki, Rusiya tərəfi ilə əvvəlcədən müzakirə etməliyik ki, sonradan heç bir problem yaranmasın.
O daha sonra deyir ki, indi "buradadır və bu barədə danışacaq".
Məlumata görə, Paşinyan iyulun sonunda Sankt-Peterburqda olduğu zaman bu məsələ barədə danışıblar, çünki məhz həmin vaxt Xaçaturovla bağlı cinayət işi başlandı.
Vanetsyan həmin gün bir neçə dəfə Paşinyana zəng edib və baş nazir iclasda olduğunu deyib. Sonra Vanetsyan rusların Xaçaturovun həbsinə görə dərin narahatlıq keçirdiklərini bildirib:
"Mənim yanıma hər iki kəşfiyyatın nümayəndələri (daha sonra Venetsyan söhbətin Xarici Kəşfiyyat Xidmətindən və Federaı Təhlükəsizlik Xidmətindən getdiyini izah edir) gəliblər, onlar bunu etməməyimizi bildirdilər. Dedilər ki, heç olmasa KTMT baş katibini geri çağırın, sonra həbs edin. Əks halda bu, KTMT-nin nüfuzuna zərbə vuracaq”.
Paşinyan bu halda soruşur: "Və əgər gedib, bir daha qayıtmasan?"
Vanetsyan deyir ki, ona heç bir yerə buraxmırlar.
Söhbətin ikinci hissəində Paşinyan Xüsusi İstintaq Xidmətinin direktoru Sasun Xaçatryanla danışır. Onunla da Xaçaturovun və keçmiş prezident Robert Koçaryanın həbsi müzakirə edilir.
Vanetsyan, həmçinin ona Xaçaturovun həbsindən narahatlığını ifadə edir. Bildirir ki, FTX-nin direktoru ilə vəziyyəti müzakirə edib və "vəziyyət çox mürəkkəbdir".
Paşinyan isə məsələ ilə bağlı deyib ki, vaxtilə bu barədə parlamentin tribunasından danışıb. O, səsyazısının yayılmasını Ermənistana və onun dövlətçiliyinə qarşı müharibə adlandırb.
P.Sultanova