İtən futbolçunu aparan təyyarə tapıldı
Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı.
1news.az Sportal.az-a istinadən xəbər verir ki, yanvarın 22-dən start götürən axtarışlardan sonra, nəhayət, onu aparan təyyarə tapılıb. Argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş boğazının dərinliklərində tapılıb. Artıq Salanın ailəsinə bu barədə məlumat verilib.
28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.
Yanvarın 24-də isə Qernzi liman kapitanı David Berker hansısa insan övladının ilin bu vaxtı suda yaşamaq ehtimalının olmadığını bildirirərək, üç gün davam edən axtarışları dayandırdıqlarını demişdi.
Lakin bu gün səhər saatlarında dəniz mütəxəssisi David Mirns tərəfindən idarə edilən xüsusi maliyyələşdirilmiş axtarış baş tutdu və təyyarə kanalın dərinliklərində tapıldı.
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.
1news.az