Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb
Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb.
Trend-in "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.
"Le Parisien" qəzeti öz növbəsində bildirir ki, yanğının yalnız bir hissəsi söndürülüb.
Qeyd edək ki, Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi (fr. Cathédrale Notre-Dame de Paris) - Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsə tam bir memarlıq üslubundan deyil, belə ki kilsədə həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olub. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunmuş və kilsə memarlığına yeni motivlər əlavə edilib.
Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Belə ki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.
Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilir.
Bu kilsəni (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib.
1news.az