Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC ilə əməkdaşlıq çərçivəsində agentliyin xəbərlərini yaymağa başlayıb.
1news.az xəbər verir ki, ingilis dilində gündəlik nəşr olunan "Global Times" qəzetinin internet səhifəsində AZƏRTAC-ın Pekində 2-ci "Bir kəmər, bir yol" forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında 821 milyon ABŞ dolları dəyərində əməkdaşlıq sənədlərinin imzalanması mərasimi barədə xəbəri yerləşdirilib.
Qeyd edək ki, "Global Times" qəzeti Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "Jenmin Jibao" qəzetinin tərkibində, onun ingilis dilində çap variantı kimi 2009-cu ildən dərc olunur. Təkcə Çində deyil, dünyada geniş oxucu kütləsinə malik olan qəzet 2013-cü ildən paralel olaraq ABŞ-da da dərc edilir.
AZƏRTAC Azərbaycan həqiqətlərinin, ölkəmizin hərtərəfli inkişafı barədə məlumatların dünyaya yayılması üçün xarici dövlətlərin nüfuzlu KİV-ləri ilə sıx əməkdaşlıq edir. Ötən il AZƏRTAC ilə Çinin milli xəbər agentliyi Sinxua arasında əməkdaşlığa dair sənəd imzalanıb. Bundan başqa, agentlik təkcə Çində deyil, bütün dünyada məşhur olan ingilisdilli "China Daily" qəzeti ilə də sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda tərəflər arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.
1news.az