Bakıda Abidə Menecerləri Forumu müzakirələrlə davam edir

İyunun 28-də Bakı Konqres Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işini davam etdirib.
1news.az xəbər verir ki, iyulun 4-dək davam edəcək forum Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Forumun ikinci günündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov geniş məruzə ilə çıxış edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin irs və dayanıqlı inkişaf üzrə fəaliyyəti” mövzusunda məruzəsində bu tarixi məkanın fəaliyyət istiqamətləri haqqında geniş danışıb.
Forum çərçivəsində tədbir iştirakçılarına İçərişəhərin idarə olunması, abidələrin qorunması, aparılan bərpa və konservasiya işləri barədə geniş məlumat verildiyini söyləyən mərkəzin direktoru deyib. "İçərişəhərin təcrübəsi digər ölkələrdən gələn qonaqların marağına səbəb olub. Abidə menecerləri bizim təcrübə ilə yaxından maraqlanırlar. abidələrin restevrasiyası və konservasiyası ilə təcrübələrin bölüşdürülməsi ilə bağlı bizə müraciət edirlər. Biz də öz təcrübələrimizi onlarla bölüşməkdə məmnunuq", - deyə C.Kazımov söyləyib.
Həmçinin qeyd edib ki, Abidə Menecerləri Forumu UNESKO-nun Mədəni İrs Siyahısına daxil olan abidələrin idarəolunması ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan mühüm əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərin bölüşdürülməsi baxımdan güclü platformadır.
Daha sonra Dünya İrs Mərkəzinin nümayəndəsi Jyoti Hosagrahar “Dünya mədəni irsi və davamlı inkişaf”, ICCROM-un əməkdaşı Regina Duriqhello “Risklərin qiymətləndirilməsi və mədəni irsin idarə olunması” mövzularında çıxış ediblər.
Daha sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İyul 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.
1news.az