“Qavaldaş” II Respublika festival-müsabiqəsi keçirilib - FOTO

“Qavaldaş” II Respublika festival-müsabiqəsi Qobustan Milli Tarix-Bədii Qoruğunda keçirilib.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə 2018-ci ildə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa uşaq və gənclərin Respublika festival-müsabiqəsi keçirilib.
Festival-müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin milli-mənəvi inkişafı, istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, Azərbaycan musiqi alətlərinin və mədəni irsimizin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.
Artıq ikinci ildir ki, keçirilən “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa uşaq və gənclərin II Respublika festival-müsabiqəsi Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlığı ilə 29-30 iyun tarixlərində final mərhələsi təşkil olunub.
İyunun 30-da UNESKO-nun baş direktoru Odri Azulay və Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunda oldular və qonaqlar həmçinin “Qavaldaş” II Respublika festival-müsabiqəsində çıxış edən uşaq və gənclərin ifalarını da maraqla izlədilər.
“Qavaldaş” müsabiqəsi UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının maddi və qeyri maddi mədəni irsinin qorunması, mühafizəsi və təbligatını tərənnüm edir. UNESKO-nun mədəni irs siyahısına salınmış Qobustan Qaya Sənəti Mədəni Landşaftı-nın ayrılmaz bir hissəsi olan, səsi qərinələrdən süzülüb gələn qədim zərb musiqi aləti “Qavaldaş”-ın, çağdaş zərb musiqi alətlərində səsləndirmək istəyi məhz “Qavaldaş” festival-müsabiqənin yaranmasına təkan oldu. Köklərimizə qayıdış, birlik və bərabərlik simvolu olan “Qavaldaş”-dan ilhamlanaraq keçirilən festival-müsabiqə, gənc nəslin musiqi dili ilə bəşər mədəniyyətinin ilkin ruhunu müasir dövrdə canlandırmağa sövq edir.
Final mərhələsində Bakı şəhəri, Abşeron, İsmayıllı, Salyan və Masallı rayonlarından gəlmiş nağara qrupları solo və kollektiv nominasiyaları üzrə çıxış edib.
2018-ci ildə ilk dəfə olaraq keçirilən “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin l Respublika festival-müsabiqəsində 100 nəfərdən 50 nəfər final mərhələyə, 2019-cu ildə isə 220 nəfərdən 120 nəfər final mərhələyə vəsiqə qazanıb.
Üç yaş qrupu üzrə müsabiqənin final mərhələsini təmsil edən RUGİM, rayonlar üzrə UGİM-lər, musiqi məktəblərinin nağaraçalanlar qrupları rəngarəng proqram ilə cıxış edib, qaliblər “Qran-pri”, I, II, III yerlər, kubok və diplomlar ilə təltif olunublar.
Final mərhələnin münsiflər heyətində tanınmış nağara ustadları – Azərbaycan Respublikasının əməkdar artisti, R.Behbudov adına Mahnı Teatrının Estrada Simfonik Orkestri zərb və perkussiya alətlərinin ifaçısı Tofiq Cabbarov, Azərbaycan Respublikasının əməkdar artisti Azərbaycan Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Azərbaycan Dövlət rəqs ansamblının müəllimi Ceyhun Babayev, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Azər Məlikov və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov təmsil olunub.