Dünyanın ən yaxşı restoranları açıqlanıb
Bu günlərdə Macarıstanın paytaxtı turistlərlə doludur. Onların arasında Azərbaycandan olan qonaqlar da çoxdur. Turistlərin çoxu macar mətbəxinin ləziz nümunələrini dadmaq istəyərdilər. Restoranların icmallarının beynəlxalq aqreqatoru olan "La Liste" nəşrində dərc edilən informasiya belə turistlər üçün xüsusilə maraqlıdır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, "La Liste" nəşrinin tərtib etdiyi reytinqə əsasən, bu il Macarıstanın dörd restoranı dünyanın 1000 ən yaxşı restoran müəssisəsinin siyahısına daxil edilib. Həmin dörd restorandan üçü (yaxın vaxtlarda Mişlen ulduzlarına layiq görülmüş "Onyx" (83,00 bal), "Costes" (80,50 bal) və "Borkonyha" (80,00 bal)) Budapeştdə, biri isə (Budapeştdən 212 kilometr şimal-şərqdə, Enç şəhərciyində yerləşən "Anyukám Mondta" adlı ailə restoranı) kənd yerində fəaliyyət göstərir.
"La Liste 2019" reytinqinə əsasən, birinci yer Parisdəki "Guy Savoy" restoranına verilib. Sonrakı iki yeri Nyu-Yorkdakı "Le Bernardin" və Parisdəki "Alain Ducasse au Plaza Athenee" restoranları tutur.
"La Liste 2019" reytinqi restoranlar üzrə 400-dən çox beynəlxalq bələdçidən və məxsusi olaraq bu məqsədlə könüllülük əsasında səfərbər edilmiş saytlardan istifadə edilən xüsusi alqoritm əsasında tərtib olunur.
1news.az