Biçarə ata xeyirxah insanlara səsləndi: “Qızımı xilas edin!” | 1news.az | Xəbərlər
Cəmiyyət

Biçarə ata xeyirxah insanlara səsləndi: “Qızımı xilas edin!”

15:30 - 16 / 09 / 2019
Biçarə ata xeyirxah insanlara səsləndi: “Qızımı xilas edin!”

Hər bir valideyn üçün ən böyük dərd övlad dərdidir. Bundan da böyük dərd isə köməyə ehtiyacı olan övladına kömək edə bilməməkdir - elə Kamal Hacıyev kimi.

Qızının - Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi, 19 yaşlı Zərri Hacıyevanın ağır xəstə olduğunu eşidəndə sanki dünya başına yıxıldı. Çünki ürəyinin bir parçası olan sevimli övladı çox amansız bir xəstəliyə tutulmuşdu.

Tək istəyinin qızının sağlamlığına qovuşması olduğunu deyən Kamal Hacıyev Bakı şəhərindəki 117 saylı orta məktəbdə tarix müəllimi işləyir. Maddi imkanının aşağı olması qızının müalicəsini davam etdirməyə imkan vermir. Buna görə də biçarə ata çıxış yolunu redaksiyamıza müraciət edərək xeyirxah insanlardan yardım istəməkdə görür. İnanır ki, onun səsinə səs verən tapılacaq və qızı tez bir zamanda sağalacaq.

Kamal Hacıyevin məktubunu olduğu kimi təqdim edirik:

“Mən, Hacıyev Kamal Akif oğlu 11 yanvar 1974-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişəm. Hazırda Bakı şəhərində yaşayıram. Bakı şəhər 117 saylı orta məktəbdə tarix müəllimi vəzifəsində işləyirəm.

Qızım, Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi, 2 iyun 2000-ci ildə anadan olmuş Zərri Kamal qızı Hacıyeva ağır xəstədir. Avqustun 19-da qızımı ağır vəziyyətdə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettepe univeristetinin xəstəxanasına apardım. Ətraflı müayinə olundu. Ona  Limfoma (limfa düyünün xərçəngi) diaqnozu qoyuldu.

Qızımı avqustun 19-dan Ankarada müalicə etdirirəm. Lakin maddi imkanlarım müalicəni davam etdirməyə imkan vermir. Müalicə və dərmanların qiyməti çox bahadır.  Qızım gözümün qarşısında solur. Ona müalicə etdirə bilməmək mənə mənəvi əzab verir.

Xeyirxah insanlardan xahiş edirəm ki, qızımın müalicəsinə köməklik göstərsinlər. İnanıram ki, səsimə səs verən tapılacaq və qızım tezliklə sağlamlığına qovuşacaq. O, hələ çox gəncdir, bütün həyatı qabaqdadır. Xahiş edirəm, yardım edin!”.

İnanırıq ki, Kamal Hacıyevin çağırışına səs verənlər tapılacaq və tezliklə qızı Zərri tam sağalaraq atasını sevindirəcək!

Kömək etmək istəyən şəxslər (050) 432-89-01, (070) 862-07-25 nömrələrinə zəng etməklə və yaxud [email protected] adlı elektron poçtu vasitəsilə onunla əlaqə saxlaya bilərlər.

Aşağıda Hacıyeva Zərri Kamal qızının müayinəsi və müalicənin gedişi haqqında Hacettepe xəstəxanasının verdiyi arayışları (raporları) təqdim edirik:

1news.az

Paylaş:
1975

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər