Xəstəxanada 2 yaşlı uşağın əlindən telefonu alıb qaçan şəxsin fotosu yayıldı
Metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədov tutulub.
Araşdırma zamanı onun cari ili yanvar ayının 19-da günün müxtəlif saatlarında metronun “İnşaatçılar” və “28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub. E.Məmmədov saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi mobil telefonlardan biri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təkcə Metropolitendə yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.
Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Məmmədovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Xatırladaq ki, E.Məmmədov bir neçə gün əvvəl K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 yaşlı uşağın əlində olan mobil telefonu oğurlayıb.
1news.az