Bağlı qalan stadionlar: Azərbaycanda idman sənayesi karantin rejimini necə keçirir?
Koronavirus pandemiyası şəraitində bütün sahələr kimi, dünyada idman sahəsi də çətin günlərini keçirir.
Fitness mərkəzləri və idman zalları fəaliyyət göstərmir, idman şirkətləri alternativ gəlir mənbələri tapmağa çalışır və yeni istiqamətlər axtarırlar.
Azərbaycanda idman hər zaman dövlət siyasətinin diqqət mərkəzində olub, lakin aydındır ki, pandemiyada səhiyyə və təhsil, daha vacibdir.
Koronavirusun Azərbaycanın idman sənayesi üçün nəticələri nələrdir?
Bakı Olimpiya Stadionunda Avropa Futbol Çempionatının keçiriləcək dörd matçı 2021-ci ilin yayına təxirə salındı. Çoxlarının sevdiyi Bakı marafonu da ləğv edildi. İdman tədbirlərinin təşkili ilə məşğul olan şirkətlər çətin vəziyyətə düşdü.
Bakı Olimpiya Stadionuna bu, baha başa gəldi
Bəlkə də ölkənin ən böyük və çoxfunksiyalı arenası – 2015-ci ildə Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionudur (BOS).
Bu gün arenada, Azərbaycan milli komandasının ev oyunlarının keçirildiyi əsas meydandan əlavə, bir sıra futbol klublarının məşq keçirdikləri digər meydançalar da var.
Ən böyük həvəskarlar liqa MFL-in turnirlərinin oyunları BOS-un ərazisində yerləşən “MFL Arena” nın mini sahələrində keçirilir.
Bundan əlavə, stadionda idman salonu, kafe və idmançıların müxtəlif idman növləri üzrə məşq etdiyi otaqların əksəriyyəti icarəyə verilir. Lakin mart ayının ortalarından etibarən BOS-un bütün fəaliyyəti dayandırıldı. BOS üçün 2020-ci ilin əsas hadisəsi - Futbol üzrə Avropa Çempionatının dörd oyunu təxirə salındı. Avro oyunlar səbəbindən iyul ayına qədər stadionda heç bir tədbir planlaşdırılmamışdı. İndi arena təqvimi yenidən qurmalı olacaq.
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev 1news.az-a verdiyi müsahibədə arenanın koronavirus nəticəsində böyük itkilərlə üzləşmədiyini bildirib:
“İndi hər kəs üçün vəziyyət eynidir. Ancaq deməzdim ki, çox ziyan görmüşük. Yalnız karantin bitdikdən sonra irəlidə nə olduğunu və hansı itkilər verdiyimizi anlayacağıq. İndi qazancımızdan nə qədər itirdiyimizi söyləmək çətindir.
BOS ARDNŞ-nin balansında olduğundan demək olar ki, əməkdaşlar şirkətin bölmələrindən birinin işçiləridir. Buna görə də əmək haqqı verməkdə çətinlik çəkmədik.
İcarələrin toplanmasına gəlincə, qeyd etmək istəyirəm ki, kirayəçilərimiz ilk növbədə tərəfdaşlarımızdır. Onların vəziyyətini başa düşürük, buna görə karantin bitdikdən sonra onlarla danışıqlar masasında oturub bir-birimizi başa düşməyə çalışacağıq. Təbii ki, müəyyən güzəştlər olacaq”.
İdman dayandı
Bu kontekstdə ölkənin ən böyük həvəskar futbol liqası - MFL-i xatırlamamaq mümkün deyil.
4 ildən az müddətdə liqada ən yüksək səviyyədə 10 turnir keçirmək mümkün oldu. Koronavirusun yayılması və bütün ictimai tədbirlərin dayandırılması başlananda liqada iki turnir sürətlə davam edirdi – LSS MFL 2019/2020 müntəzəm çempionatı və tamamilə yeni layihə – "MFL Carlsberg Business League".
MFL direktoru Rəhman Hacıyevin 1news.az-a verdiyi məlumata görə, hər iki turnirdə matçların təxirə salınması ilə əlaqədar olaraq Liqa dövlətdən dəstək aldı və daimi işçilərin maaş xərclərini alınan vəsait hesabına ödədi.
“Lakin daha çox bu vəziyyətin komandaların ödəmə qabiliyyətinə necə təsir etməsindən narahatıq. Bildiyiniz kimi, müntəzəm mövsümdə oynayan komandalar iştirak haqqı ödəyirdilər. Yəqin ki, ödəniş məbləğinin azaldılmasına nail olmaq üçün turnirin yeni modelini nəzərdən keçirmək məcburiyyətində qalacağıq”.
Bir müddət əvvəl, Bakı Marafonu, IV İslam Həmrəyliyi Oyunları, Avropa Liqası 2019-un finalı, eləcə də bir sıra həvəskar futbol liqaları kimi tədbirləri həyata keçirən şirkətdən – Sport Marketing Groupun (SMG) uğurlu biznes layihəsi haqqında yazmışdıq.
Və 2020-ci ildə şirkətə ilin ən çox gözlənilən idman hadisəsi – Bakıda keçiriləcək Futbol üzrə Avropa Çempionatının dörd oyunu çərçivəsində bir sıra tədbirlərin təşkil olunmasını həvalə etdilər. Ancaq yuxarıda qeyd edildiyi kimi, bütün bu planlar puç oldu.
İndiki bu çətin şəraitdə necə “sağ qalmaq” olar? Lakin, boşuna demirlər ki, böhran yeni imkanlar yaradır. Sport Marketing Group (SMG) kiberidmanla əlaqəli yeni sahələri inkişaf etdirməyə başlayıb. Bu barədə şirkətin rəhbəri Ayaz Əhmədov bildirdi.
Ayaz Əhmədov 1news.az-a açıqlamasında hadisələrin belə bir dönüşünə əvvəlcədən hazırlaşmağın sadəcə mümkün olmadığını söylədi:
“2020-ci il üçün çox böyük planlarımız vardı. Futbol üzrə Avropa Çempionatının dörd oyununa hazırlaşırdıq, Bakı marafonuna hazırlıqla bağlı müəyyən işlər görürdük. Bir gün bizə dedilər ki, oyunlar ya ləğv olunur, ya da təxirə salınır. Əlbəttə ki, bu da gəlirlərə təsir etdi.
Bütün bu vəziyyətdəki çıxış yolu yeni istiqamətlərin inkişafıdır. İlk növbədə, kiberidmana aiddir. Hazırda Premyer Liqa, Birinci Divizion, Regional Liqa, Qadınların Yüksək Liqası, Çimərlik futbolu, Futzal liqası, habelə sağlamlıq imkanları məhdud futbolçuları olan qrupu bir araya gətirəcək ilk E-Milli Liqanın başlanması üzərində işləyirik. Liqanın başlanması mayın 24-nə təyin edilib. Artıq çox sayda müraciət almışıq.
Bu proses bütün dünyada baş verir. Artıq UEFA e-Sports-a aktiv şəkildə investisiya qoyur. Və komandalarımızı Avropa meydanlarına göndərəcəyik. Buna görə 2020-ci il üçün əsas konsepsiyalarımızın bir hissəsi e-idmanla əlaqəli olacaq.
Hazırda bir neçə tətbiq üzərində işləyirik. Bütün bu məhsulları may ayında normal iş rejiminə qayıdarkən bazara qoymaq istəyirik. Koronavirus, dünyanın bir çox şirkətlər kimi bizi elektron sənayeyə keçidə diqqəti cəmləşdirməyə məcbur etdi. Bu qaçılmazdır! Əvvəllər bu, ideya səviyyəsində idisə, artıq bu layihələri həyata keçirməyə başlamışıq.
Əlbətdə, dövlətin dəstəyini də qeyd etməliyəm. Kömək üçün müraciət etdik və aldıq. Bəli, bir çoxları kimi, biz bütün bu illər ərzində vergi dərəcəsinin azaldılsını istəyirdik, amma belə məqamlarda başa düşürsən ki, istənilən halda qanuna uyğun işləmək daha yaxşıdır. Lakin bu o demək deyil ki, indi oturub yalnız taleyə güvənməlisən. Şirkətlər yeni imkanlar axtarmalıdırlar”.
Aquatic Palace itkilərini hələ hesablamayıb
Aquatic Palace Birinci Avropa Oyunları ərəfəsində inşa edilmiş daha bir möhtəşəm tikili idi. Onun unikallığı bu qədər irimiqyaslı idman qurğusu ilə özünü təmin etməsidir.
Arenanın Su İdman Sarayı olmasına baxmayaraq, bu gün burada müxtəlif idman növləri, fitnes otaqları, SPA mərkəzi, mini futbol sahələri icarəyə verilir, kartinq mərkəzi də fəaliyyət göstərir.
Martın 14-dən etibarən Aquatic Palace fəaliyyətini dayandırdı və aydın olur ki, bu müddətdə itki verilib.
Su İdman Sarayının ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva 1news.az-a verdiyi müsahibədə hazırda bütün işçilərin özünütəcrid etdiyini qeyd etdi. Zərərlərin hesablanması isə obyektlərin və idman qurğularının fəaliyyətinə yenidən icazə veriləcəyi vaxt, yəni karantindən çıxdıqdan sonra bilinəcək:
“Su İdmanı Sarayının fəaliyyəti müştərilərimizin, xüsusən də müxtəlif seksiyalarda iştirak edən uşaqların təhlükəsizliyini nəzərə alaraq karantin tətbiq olunduğu gündən dayandırılıb. İndi karantindən sonra insanların necə davranacağını təxmin etmək çox çətindir. Düşünmürəm ki, uzunmüddətli üzvlük kartlarını alan müştərilərimizlə problemimiz olmayacaq. Sadəcə onların avtomatik olaraq üzvlük müddəti uzadılacaq.
Fəaliyyətlərin dayandırılmasına baxmayaraq, işçilər maaş almağa davam edirlər. Hökumətin əmək haqqının qorunması ilə bağlı tövsiyələri var, başqa cür ola bilməz. Hökumətdən də dəstək aldıq və işçilərin maaşlarını ödəmək xərclərinin bir hissəsini ödəyə bildik.
İndi gündəmdəki əsas məsələ fəaliyyətimizi nə vaxt bərpa etməyə icazə veriləcəklə bağlıdır. Bu vaxta qədər isə böhrandan ən az itki ilə çıxmağımıza imkan verən iş planı hazırlayacağıq”.
İdman sənayesinin, digər fəaliyyət sahələri kimi, ciddi itkilərlə qarşılaşdığını söyləyə bilərik.
Lakin indi həmsöhbətlərimizi maraqlandıran əsas məsələ – yenidən fəaliyyətə başlamaqdır.
Ümid edək ki, bu, çox yaxın gələcəkdə baş tutacaq.
Tərcümə: S.Xankişiyeva