“Biz Sizinlə güclüyük, əziz Prezident!” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Biz Sizinlə güclüyük, əziz Prezident!” – Prezidentə yazırlar

09:56 - 19 / 06 / 2020
“Biz Sizinlə güclüyük, əziz Prezident!” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Sevinc Alıyevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin kimi qədirbilən rəhbərimizin bütün fəaliyyətini müşahidə edir və səylərinizi yüksək qiymətləndiririk. COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizədə qazandığınız uğurlara görə fəxr edirik.

Cənab Prezident, Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün Zati-alinizə təşəkkürümüzü bildirirəm”.

Masallı Rayon Mərkəzi Xəstəxanasının kollektivindən, Masallı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu yaxınlarda modul tipli xəstəxananın açılışında Azərbaycan həkimləri barədə dediyiniz xoş sözlərə və zəhmətimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin diqqət və qayğınız bizə ruh yüksəkliyi bəxş edir, işə olan həvəsimizi daha da artırır. Söz veririk ki, hər zaman xalqımıza vicdanla xidmət edəcək, onun sağlamlığı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Allah Sizi qorusun”.

Ədalət Hüseynovdan, Ağcabədi, Azərbaycan

“Çox hörmətli cənab Prezident

Paytaxt Bakı, onun rayonları, qəsəbə və kəndləri, eyni zamanda, respublikamızın bütün rayon və kəndləri Sizin böyük diqqət və qayğınız nəticəsində gündən-günə abadlaşır və inkişaf edir. Əhalinin maddi rifah halı getdikcə yaxşılaşır. Bütün bunlar, eləcə də gördüyünüz digər mühüm işlər, beynəlxalq aləmdə böyük siyasi xadim kimi misilsiz şöhrət qazanmağınız milyonlarla azərbaycanlıdan biri kimi, mənim də qəlbimi sonsuz iftixar və qürur hissi ilə doldurur. İşlərinizin çox olduğu bir vaxtda imkan taparaq ölkəmizin müxtəlif bölgələrinə etdiyiniz səfərlər, sadə insanlarla görüşləriniz Sizə ümumxalq məhəbbəti qazandırıb.

Cənab Prezident, belə bir unudulmaz sevinc yaşadığım rayonun əhalisinə də nəsib oldu. İyunun 4-də verdiyiniz Sərəncam Ağcabədi sakinlərinin hədsiz sevincinə səbəb olmaqla hər birimizin qəlbində silinməz izlər buraxıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, Ulu Tanrının bütün arzu və ideyalarınızın həyata keçməsində daim Sizə yardımçı olmasını diləyirəm”.

Rövşən Mirzəyevdən, Neftçala, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, bu çətin dövrdə xalqımızı bəşəriyyəti bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri yüksək qiymətləndirir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik.

Möhtərəm cənab Prezident, Ulu Tanrı Sizə və ailənizə kömək olsun”.

Oqtay Şirəliyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ölkəmizin tibb ictimaiyyəti adından Sizə müraciət edirik. Dünyanı bürümüş COVID-19 pandemiyasına qarşı gördüyünüz işlərə, qəbul etdiyiniz qərarlara, vətəndaşlarımızı qorumaq istiqamətində fəaliyyətinizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Məhz Sizin qərarlarınız və göstərişləriniz sayəsində ilk mərhələdə virusun ölkəmizə xaricdən kütləvi idxalının və ölkə daxilində yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alındı. Bu, səhiyyə sisteminin üzərinə düşən yükü tənzimlədi və bizə hazırlıq üçün çox dəyərli vaxt qazandırdı. Sizin fəaliyyətiniz sayəsində Azərbaycanda yoluxanların sayı o qədər də yüksək olmadı və onlara lazımi tibbi yardım göstərmək mümkün oldu.

Əminliklə deyə bilərik ki, son 16 ildə Sizin Azərbaycan səhiyyəsinin maddi- texniki bazasının gücləndirilməsinə diqqət və qayğınız sayəsində ölkəmizdə yüksək səviyyəli tibb müəssisələri şəbəkəsi yaradılıb, onlar müasir cihazlar və avadanlıqlarla təchiz edilib. Bu şəbəkə bu gün də genişlənir, yeni klinikalar, laboratoriyalar yaradılır. Bununla Siz həm bizim pasiyentlərə yardım imkanlarımızı artırır, həm də iş şəraitimizin yaxşılaşmasının qayğısına qalmış olursunuz. Siz tibb təhsilinə, tibb işçilərinin peşəkarlığının, ixtisas səviyyəsinin yüksəldilməsinə də daim diqqət ayırırsınız. Bu gün ölkə səhiyyəsinin pandemiya ilə mübarizədə uğurları Sizin bu zəhmətinizin, bu istiqamətlərdə fəaliyyətinizin bəhrəsidir. Bütün bunlara görə çox sağ olun.

Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyada hər kəsin sağlamlığını düşünürsünüz. Dünyanın bir çox dövlətlərindən fərqli olaraq, Azərbaycanın koronavirus pandemiyası ilə qlobal mübarizədən kənarda qalmaması, Ümumdünya Səhiyyə Təşkilatı ilə donor sazişləri imzalayaraq “COVID-19 müraciəti” Fonduna böyük məbləğlərdə könüllü maliyyə yardımları etməsi buna bariz sübutdur. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Sizə ünvanladığı məktubda Azərbaycan hökumətinin COVID-19-a qarşı mübarizəsini yüksək qiymətləndirib, Sizin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyinizi nümunəvi adlandırıb.

Möhtərəm cənab Prezident, Siz son çıxışlarınızda həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirirsiniz, onların insanlara kömək üçün əllərindən gələni etdiklərini söyləyirsiniz, fədakarlıqlarına, qəhrəmanlıqlarına görə həkimlərə təşəkkür bildirirsiniz. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin əməkhaqlarının dəfələrlə artırılması ilə bağlı verdiyiniz Sərəncam da dövlətimizin və şəxsən Sizin tibb işçilərinə qayğınızın təzahürüdür. Bu qayğınıza, xoş sözlərinizə, verdiyiniz dəyərə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Bu münasibətiniz və etimadınız bizi daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır.

Möhtərəm cənab Prezident, Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin əsas məqsədidir. Sizin bu amalınız son hadisələrlə bağlı mövqeyinizdə, insanların həyatını və sağlamlığını hər şeydən üstün tutmağınızda özünü bariz şəkildə göstərdi. Buna görə təkcə həkim kimi deyil, həm də bir vətəndaş olaraq Sizə təşəkkür edirik.

Son illərdə Azərbaycan dövləti Sizin düşünülmüş siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq davamlı inkişaf edir. Əminik ki, bu gün yaşadığımız bu mürəkkəb dövr tezliklə sona çatacaq, Vətənimiz yenə də Sizin rəhbərliyinizlə hər sahədə durmadan irəliləyəcək. Bu yolda ölkə səhiyyəsi, Azərbaycanın tibb ictimaiyyəti daim Sizin yanınızdadır, Sizə inanır və Sizi dəstəkləyir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün dillər əzbəridir. Biz isə deyirik: “Biz Sizinlə güclüyük, əziz Prezident!”

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, gördüyünüz hər işdə böyük uğurlar, yeni-yeni qələbələr arzulayırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər