“Siz şəhid ailələrinə, Qarabağ qazisinə, aztəminatlı ailələrə öz humanist sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Siz şəhid ailələrinə, Qarabağ qazisinə, aztəminatlı ailələrə öz humanist sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz” – Prezidentə məktub

15:57 - 20 / 06 / 2020
“Siz şəhid ailələrinə, Qarabağ qazisinə, aztəminatlı ailələrə öz humanist sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Ələkbərli Sevinc, Babayeva Şükufə, İsayeva Əfruzə, Rzayeva İradə və Abuşova Vüsalə, Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün ölkəmiz Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı az itki ilə mübarizə aparmaqdadır. Bu ağır gündə aztəminatlı ailələrə göstərdiyiniz diqqət, onlara göndərdiyiniz maddi və ərzaq yardımları və ölkənin birinci xanımı Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız.

Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim rayonda da tikinti-quruculuq, abadlıq işləri aparılır. Rayonumuzda illərdir təmirsiz olan doğum evində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız Arbatan kəndinə Sizin göstərişiniz əsasında çox gözəl yeni asfalt çəkilməsi rayona gediş-gəlişimizi asanlaşdırıb. Bizim üçün ən sevindirici hal isə 1964-cü ildə tikilib istifadəyə verilən kənd məktəbinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılmasıdır.

Möhtərəm cənab Prezident, bu işlərə görə biz Arbatan kənd sakinləri Sizə öz təşəkkür məktubumuzu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz. Sizə bütün kənd sakinləri adından minnətdarlığımızı çatdırırıq. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğularınızı əbədi etsin. Biz Sizinlə birlikdə güclüyük”.

Bayraməli Əliyevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən həmişə Sizin fəaliyyətinizi dəstəkləyən bir Azərbaycan vətəndaşıyam. Siz bütün fəaliyyətinizi vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmisiniz. COVID-19 pandemiyasına qarşı səmərəli və düzgün siyasətiniz bunu bir daha sübut etdi.

Hazırda dünyanı iqtisadi böhran bürümüşdür. Amma Siz öz müdrik siyasətinizlə Azərbaycanı bu bəladan qorumaqdasınız. Bu çətin vəziyyətdə Siz regionlara səfərlər edir, xalqın firavan yaşayışı üçün yeni obyektlər açır, videokonfranslar və videogörüşlər vasitəsilə mühüm məsələləri müzakirə edir, öz münasibətinizi bildirirsiniz. Böyük siyasətiniz, yüksək zəkanız və uzaqgörənliyiniz sayəsində buna nail olursunuz.

Cənab Prezident, millətimizə, xalqımıza göstərdiyiniz bu böyük və məsuliyyətli əməyinizə görə Sizə öz adımdan və ailəmin adından təşəkkür edirəm. Qoy Ulu Tanrı Sizə hər zaman kömək olsun”.

Xatirə Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Şəhid ailələrinə, Qarabağ qazilərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğınız bizim həyatımızda misilsiz rol oynayır. Sizin bu qayğıkeş münasibətinizdən digərləri ibrət götürürlər. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, lazımi tədbirlər görülür.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən Vətən uğrunda bir oğul itirsəm də, əvəzində minlərlə oğul qazanmışam və bununla fəxr edirəm. Başda Siz olmaqla, şəhid ruhuna və şəhid anasına böyük hörmət və ehtiram bəsləyən hər kəsə alqış və dua edirəm. Ömrünüz uzun olsun”.

Seyidbala Nəcəfovdan, Quba, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Quba rayonunun Çartəpə kəndində yaşayan 82 yaşlı təqaüdçüyəm. Yaşımın bu çağında doğma kəndimi abad, həyatımı firavan görmək mənə çox xoş gəlir. Həyat eşqim artır, ilhamlanıram. Kəndimizdə son illər ərzində xeyli təmir-tikinti işləri görülmüşdür. Elə rayon mərkəzindən kəndə qədər uzanan asfalt yol nəyə desəniz dəyər. Əvvəllər rayon mərkəzinə bir saata güc-bəla ilə çatırdıq. İndi isə bunun üçün cəmi 15 dəqiqə kifayət edir. Qonşu rayon olan Qusara da gediş-gəlişimiz asanlaşmışdır. Hazırda kəndə içməli su xəttinin çəkilməsi istiqamətində işlər gedir.

Möhtərəm Prezident, ürəyimdən gələn bu sözləri Sizə çatdırmağı özümə borc bildim. Sizə dərin təşəkkürümü bildirirəm”.

Xırda Rzayevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz həmişə biz yaşlıları düşünürsünüz. Yaşayış şəraitimiz yaxşılaşsın deyə təqaüdlərimizi artırırsınız. Bu bizi sevindirir. Buna görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Sizi bir Prezident, bir övlad kimi sevirik. Sizə arxalanırıq, Sizə güvənirik. Ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirirsiniz.

Siz mütəmadi olaraq neçə-neçə şəhid ailəsinə, Qarabağ qazisinə, aztəminatlı kasıb ailələrə öz humanist Sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz. Mənim mənzillə təmin edilməyim, bir şəhid anasını sevindirmək, ən azı şəhidlərin ruhu qarşısında böyük ehtiramdır. Bu sevinc ailəmiz üçün necə bir şirin töhfədir, bir Allah bilir. Mənim Sizə təşəkkürüm sonsuzdur. Allah Sizi qorusun”.

Gülnar Sadıqovadan, İmişli, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin müdrikliyiniz və gördüyünüz təqdirəlayiq işlər sayəsində ölkəmiz son illər ərzində sürətlə inkişaf etmiş və daha da gözəlləşmişdir. Üzləşdiyimiz taleyüklü məsələlərdə və keşməkeşli həyat yollarında xalqımız Sizin həlledici addımlarınızla nicat tapıb, min bir çətinliyə sinə gərib. Son vaxtlar dünyaya meydan oxuyan pandemiya dövründə biz bir daha bunun şahidi olduq. Əvvəlki illərdə çoxlu sayda tibb müəssisələrinin tikilməsi və ya təmir olunması, ölkəmizin maddi ehtiyatlarının formalaşdırılması, texniki imkanların genişləndirilməsi bu çətin məqamda köməyimizə çatdı. Bax budur uzaqgörənlik.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, cənab Prezident. Sizin işlərinizi görənlər görür və qiymətləndirir, görməyənlərin gözünə isə Allahdan nur arzulayırıq. Bir də onu arzulayırıq ki, Allah bu pandemiya bəlasını tezliklə ölkəmizin üzərindən götürsün, Azərbaycan yenidən əvvəlki günlərinə qayıtsın”.

Nailə Quliyevadan, Siyəzən, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycanda mədəniyyət və turizm mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə “Beşbarmaq Dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 8 iyun 2020-ci ilin tarixində imzaladığınız Sərəncam oldu. Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin qədim köklərə malik olduğunu sübut edən bu tarix-təbiət abidəsinin diqqətinizi cəlb edərək Dövlət Qoruğu elan edilməsi xəbəri Siyəzən sakini və tarix müəllimi kimi məni çox sevindirdi.

Dünyanın ən qədim insan məskənlərindən, bəşər sivilizasiyanın ilk beşiklərindən olan Azərbaycan daim məşhur səyyahların diqqətini özünə cəlb etmişdir. Azərbaycan dövləti tarixi dəyərlərə söykənən təməl üzərində quruldu. Son illərdə isə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Sizin rəhbərliyinizlə ölkədə aparılan iqtisadi islahatların nəticəsində ölkəmiz dünyada tanınmış, regionda lider dövlətə çevrilmişdir. Biz gələcəyə nikbinliklə baxırıq, gələcəyimizin daha da gözəl olacağını görürük. İnanırıq ki, imzaladığınız bu Sərəncam da ölkəmizdə turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Cənab Prezident, yeritdiyiniz müdrik siyasəti, qəbul etdiyiniz qətiyyətli qərarları ürəkdən dəstəkləyirəm və Sizə minnətdarlığımı bildirirəm”.

Taleh Mansurovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bir gənc olaraq Sizə minnətdarlığı özümə həm vətəndaşlıq, həm də vicdan borcu bilərək bu təşəkkür məktubunu Sizə ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də səhiyyə cəhətdən ağır sınaqdan keçir. Artıq məlum məsələdir ki, dünyada super güc hesab edilən ölkələrdə pandemiyanın ağır fəlakətləri üzə çıxmağa başlayır. Dünyanın bu mənzərəsi qarşısında ölkəmizdəki stabillik, sosial yardımlar Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir.

Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun”.

Gülü Mütəllimlidən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktubu yazmaqla Sizə təşəkkürümü bildirirəm. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız hər bir vətəndaş kimi məni də qürurlandırdı və ruhlandırdı. Əminik ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik.

COVID-19 pandemiyasına qarşı gördüyünüz işlərə, qəbul etdiyiniz qərarlara, vətəndaşlarımızı qorumaq istiqamətində fəaliyyətinizə, həmçinin məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə Füzuli rayon Üçbulaq kənd tam orta məktəbinin müəllim kollektivi adından təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük, əziz Prezidentimiz. Sizə uzun ömür, cansağlığı və gördüyünüz hər bir işdə uğur arzu edirəm. Allahın nəzəri daim üzərinizdə olsun”.

Aytəkin Mamedovadan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Sizə Ağcabədidən yazıram. Sadə bir vətəndaşam. Vətənə layiqli övladlar yetişdirməyi bir vətəndaşlıq borcu hesab edirəm. Necə ki, Siz gördüyünüz işləri təkcə vəzifə borcu kimi yox, həm də vətəndaşlıq borcu kimi həyata keçirirsiniz. Sizə sevgimiz sonsuzdur. Biz anaların istədiyi əmin-amanlıq, sakitlikdir ki, övladlarımızı qorxusuz, sevgi ilə böyüdə bilək. Siz bunu bizə vermisiniz. Ölkəmiz gündən-günə abadlaşır, bütün sahələrdə inkişaf gedir. İnanırıq ki, işğal altında olan torpaqlarımızı da qan tökülmədən, can alınmadan azad etməyə nail olacaqsınız. Sizə cansağlığı, uzun ömür arzulayırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
1077

Son xəbərlər

Bütün xəbərlər