“Biz Sizinlə güclüyük, möhtərəm Prezident” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Süleymanov Mehman, Kərimov Calal, Rüstəmov Urfan və Səlimov Rövşən, Mingəçevir, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Biz Mingəçevir şəhərində “Tərəvəzçilik sovxozu” adlanan ərazidə yaşayırıq. Yaşayış vəziyyətimizin yaxşılaşdırılması üçün Sizə müraciət etmişdik. Həmin müraciətdən sonra təbii qaz, içməli su və elektrik enerjisi ilə təminatımız normal vəziyyətə gətirilmiş, yolumuzun bir hissəsi asfaltlanmışdır. Burada yaşayan insanlar görülən işlərdən razı qalmışlar.
Odur ki, göstərilən köməyə görə bütün sakinlər adından Sizə öz təşəkkürümüzü bildiririk. Sizə və ailənizə ömür boyu firavan və qayğısız həyat arzulayırıq”.
Gülxar Allahverdiyevadan, Bakı, Azərbaycan
“Xalqımızın hörmətli və sevimli Prezidenti.
Bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə bu son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də “Evdə qal”, “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir.
Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.
Biz Sizinlə güclüyük”.
Rövşən Mirzəyevdən, Neftçala, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizə öz adımdan və xalqımızın adından minnətdaram. Çox sağ olun ki, xalqımızı bu çətin dövrdə bəşəriyyəti bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımı tədbirlər həyata keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri yüksək qiymətləndirir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik.
Möhtərəm cənab Prezident, Ulu Tanrı Sizin və ailənizin köməyi olsun”.
Yusif Vahididən, Bərdə, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu ayın 19-da Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Söylədiyiniz həqiqətlər qarşısında işğalçı ölkənin baş naziri yenidən gülüş obyektinə çevrildi. Paşinyanın Sizdən aldığı tarix və siyasət dərsi hələ uzun illər onun yaddaşında qalacaq.
Cənab Prezident, biz gənclər olaraq Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik və yanınızdayıq. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun”.
Rasim Nəbiyevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Avropa Şurasının iyunun 20-də qəbul etdiyi qətnamə Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində atdığınız siyasi-diplomatik addımlarınızın təntənəli nəticəsidir. Separatizmə qarşı qətiyyətlə, cəsarətlə apardığınız mübarizə qələbə ilə başa çatdı. İkili standartlar siyasətinə qarşı çıxışlarınız münaqişələrin həlli ilə bağlı vahid yanaşma metodlarına gətirib çıxardı.
Avropa Şurasının qətnaməsində ərazi bütövlüyünə hörmət prinsipinin yüksələn xətlə inkişafı separatist qüvvələrə bir daha göstərdi ki, xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Bunlarla bağlı, bütün Zirvə görüşlərində, xüsusilə də bu yaxınlarda “Şərq tərəfdaşlığı” görüşündə dünyanın böyük dövlətlərinin başçılarına bir daha ünvanladığınız qətiyyətli və cəsarətli fikirləriniz öz təntənəsini tapdı.
Möhtərəm cənab Prezident, Avropa Şurasının belə bir qətnaməni qəbul etməsinə nail olmaqla Siz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yeni mərhələsinin - işğal olunmuş ərazilərdən xarici qüvvələrin çıxarılması tələbi ilə çıxış etmək siyasətinin əsasını qoydunuz. Vətənimiz qarşısındakı xidmətlərinizlə xalqımızın qəlbində ucaltdığınız möhtəşəm abidə günlər keçdikcə, illər ötdükcə daha uca, daha qüdrətli, daha əzəmətli görünür”.
Paşa Əhmədovdan, Füzuli, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin bu çətin günlərdə vaxtında və düzgün qəbul etdiyiniz qərarlar biz vətəndaşların sağlamlığı üçündür. Siz hər zaman öz vətəndaşınızın sağlamlığını və yaxşı yaşamasını düşünürsünüz. İnanıram ki, biz Sizin düzgün qərarlarınız sayəsində hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxacağıq. Mən bütün xalqımız adından Sizə işlərinizdə yeni uğurlar arzulayıram. Siz bizim güclü Liderimizsiniz. Biz Sizinləyik. Tanrı Sizi və ailənizi qorusun”.
İmanverdi İsrafilovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyada hər kəsin sağlamlığını düşünürsünüz. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Sizə ünvanladığı məktubda Azərbaycan hökumətinin COVID-19-a qarşı mübarizəsini yüksək qiymətləndirib, Sizin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyinizi nümunəvi adlandırıb.
Cənab Prezident, Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gərgin və yorulmaz birgə fəaliyyətinizin əsas məqsədidir. Son illərdə Azərbaycan dövləti Sizin düşünülmüş siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq davamlı inkişaf edir. Əminik ki, bu gün yaşadığımız bu mürəkkəb dövr tezliklə sona çatacaq, Vətənimiz yenə də Sizin rəhbərliyinizlə hər sahədə durmadan irəliləyəcək. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün dillər əzbəridir. Biz isə deyirik: “Biz Sizinlə güclüyük, möhtərəm Prezident”. Sizə xoşbəxtlik, gördüyünüz hər işdə böyük uğurlar və yeni-yeni qələbələr arzulayırıq”.
Mövzu ilə əlaqədar oxuyun:
“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar
S.Xankişiyeva