“Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq” – Vətəndaş məktubları

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Sevda Balayevadan, Abşeron, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ölkəmizdə həyata keçirdiyiniz islahatlar Sizin xalqımızı nə qədər çox düşündüyünüzü bir daha göstərdi. Tovuz cəbhəsində baş vermiş hadisələrdən sonra "şəhidlərimizin qanı yerdə qalmayacaq" deməyiniz bütün şəhid analarının qəlbinə su səpdi. Sizinlə fəxr edirik, cənab Prezident. Hər zaman, hər mövzuda Sizin yanınızdayıq. Var olun və həmişə Azərbaycanla olun”.
İlhamə Seyfullayevadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bildiyimiz kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən erməni təxribatına ordumuz adekvat cavablar vermişdir.
Cənab Prezident, Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri, Sizə daim inanır və güvənirik. Bizim güclü ordumuz var, hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq”.
Svetlana Əzizovadan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz Tərtər rayonunda düşmənlə təmas xəttində yaşayırıq. Tərtər rayonunda elə bir küçə, elə bir ev yoxdur ki, oradan Vətənin müdafiəsinə oğul yola salınmasın. Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də var. Qazilərimiz də müharibənin hər ağrı-acısını yaşayıblar. Döyüş görmüş insanlarıq. Nankor qonşularımız yaşayış məntəqələrimizi həmişə atəşə tutub, evlərimiz dağılıb, amma bir qarış da torpaq verməmişik. Tərtər düşmənə həmişə göz dağı olub. Bu gün Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlara Sizin rəhbərliyinizlə tutarlı cavablar verilir.
Biz tərtərlilər Sizi, ordumuzu dəstəkləyir, qürur duyuruq. Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Məkrli qonşularımız öz məğlubiyyətlərini görüb, yeni təxribatlara əl atırlar. Düşmən əsgəri səngərdən, döyüşdən qaçır. Bizim oğullarımız isə döyüşə getmək üçün könüllü olaraq müraciət edirlər. İstər əhalinin, istər ordunun əhval-ruhiyyəsi yüksəkdir. Çünki, Prezidentimiz, Ali Baş Komandanımız xalqla birgə, generallarımız öz cəbhədə əsgərlərlə birlikdədir. Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq. Tanrı Sizi və xalqımızı qorusun”.
Nuhəli Kərimovdan, Saatlı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqının yanındasınız, torpaqlarımızın düşmən işğalından azad olması üçün əlinizdən gələni edirsiniz.
Apardığınız qətiyyətli siyasət nəticəsində işğalçı Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətmək istədiyi növbəti təxribatın qarşısı güclü ordumuz tərəfindən sərt şəkildə alınıb və düşmən çoxsaylı canlı qüvvə və zirehli texnika itirərək, geri çəkilməyə məcbur olub.
Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik, apardığınız xeyirli, gərəkli siyasətə “hə" demişik və bundan sonra da belə olacaq. İnanırıq ki, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı Sizin yanınızdadır və əminik ki, işğal olunan torpaqlarımız Sizin rəhbərliyinizlə tezliklə azad ediləcək, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq.
Sizə müstəqil dövlətimizin daha da gücləməsı, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşaması naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq”.
İsmayıl Mehrəliyevdən, İmişli, Azərbaycan
“Hörmətli cənab Prezident.
Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur etmişdir. Azərbaycan ordusunun düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Yeni Azərbaycan Partiyası İmişli rayon Təşkilatı Gənclər Birliyinin üzvü olaraq bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik.
Cənab Prezident, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan Respublikası vətəndaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.
Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikası vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram”.
Bahar Mürsəliyevadan, Lerik, Azərbaycan
“Hörmətli cənab Prezident.
Biz daim Sizinləyik. Sizə - Ali Baş Komandanımıza inanırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyirik. Siz ordu quruculuğuna hər zaman böyük diqqət və qayğı göstərmisiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək”.
Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Apardığınız daxili və xarici siyasətin uğurlarına Masallının ağsaqqalları, ziyalıları, veteranları ürəkdən sevinirlər. Son günlərdə Tovuz istiqamətində ermənilərin hərbi təxribatını qətiyyətlə pisləyirik. Öz əməllərindən qorxduqlarından dinc əhaliyə güc göstərmələri ermənilərin kökündə və xislətindədir. Onlar Sizin nüfuzunuzdan, gücünüzdən qorxu və təlaş keçirirlər. Hərbçilərimizin rəşadətindən qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. Tanrı Sizi qorusun”.
Vüqar Əhmədovdan, Tovuz, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən bir tovuzlu olaraq, bütün Azərbaycan xalqı kimi işğalla heç vaxt barışmayacağam. Çünki bu mənim Prezidentimin mövqeyidir.
Biz Sizinlə birlikdə güclüyük və düşmənə layiqli cavab verməyə daim hazırıq. Yeni Azərbaycan Partiyasının vətənsevər gənc üzvü olaraq əmrinizi hər an gözləyir və Sizə inanıram”.
Elvin Əlizadədən, Biləsuvar, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Biz Biləsuvar gəncləri daim Sizinləyik. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin qısası alınacaq.
Azərbaycan əsgərinin zəfərinə zərrə qədər şübhəmiz yoxdur. Bu inam Sizə, Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdır. Gənclər adından Sizin bütün qərarlarınızı dəstəklədiyimizi bildirir, əmrlərinizi gözləyirik”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva