“Tezliklə bayrağımız Sizin və ordumuzun sayəsində Qarabağda dalğalanacaq” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Kəmalə Səfərovadan, Lənkəran, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə apardığımız bir şəraitdə mənfur erməni qəsbkarlarının Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozması bir vətəndaş kimi məni də hiddətləndirir. Ancaq bu hiddətlə yanaşı, məndə dərin inam hissi də var. Mən ordumuzun və onun başında duran Ali Baş Komandanın gücünə inanıram.
Cənab Ali Baş Komandan, çətin anlarda təmkinli davranışınız, sərt və qətiyyətli çıxışlarınız məndə və işlədiyim Boladi kənd 1 nömrəli tam orta məktəbin kollektivində sonsuz qürur hissi doğurur. Sizin rəhbərliyinizlə qələbənin yaxında olduğuna və şəhidlərimizin qanının yerdə qalmayacağına inanırıq. Buna Sizin siyasi gücünüz və iradəniz imkan verir. Biz də Boladi kənd 1 nömrəli tam orta məktəb olaraq daim Sizin yanınızdayıq və əmrinizi gözləyirik. Hər an döyüşə hazırıq”.
Elməddin Məmmədlidən, Yardımlı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm. Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Biz savaş əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir!
Biz Azərbaycanı sevirik, dövlətimizi dəstəkləyirik, Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ordumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur”.
Əsəd Əhmədovdan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminik ki, Sizin sayənizdə Qarabağı da azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin. Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız.
Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin başladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıtdınız, ölkəmizi gözəlləşdirdiniz.
Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq.
Uca Yaradan bu Qələbəni qazanmaqda, başladığınız işləri başa çatdırmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!”.
Pirəliyeva Ceyran, Pirəliyeva Zenfira və Pirəliyev Veydəddin, Abşeron, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlərboyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması Sizin dahiyanə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur.
Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər vətəndaş olaraq bizi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Biz ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə, əsasən də tibb işçilərinə təşəkkürümüzü bildiririk.
Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə aldıq, evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi. Tibbimizin belə inkişafı bizi fərəhləndirdi.
Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, tibb sahəsində yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzulayırıq”.
Elnarə Miriyevadan, Lənkəran, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədində atəşkəsi pozması bizi necə narahat etdirmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi.
Biz tələbələr Sizə daim inanır, güvənir və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız.
Allah Sizi qorusun, cənab Prezident!”.
Pərviz Quliyevdən, Ağcabədi, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı.
Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq”.
Abbas Abbasovdan, Tovuz, Azərbaycan
“Hörmətli cənab Prezident.
Respublikamızda şəhərlərin, kəndlərin, onlarla birlikdə isə bütünlükdə ölkəmizin inkişafı, gözəlləşməsi təsadüfi deyil. Bu yüksəliş Sizin gecə-gündüz çalışmağınızın, düzgün siyasət yürütməyinizin bəhrəsidir.
Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Əyyublu kəndində daxili yolların asfaltlanması bütün sakinlərin sevincinə səbəb oldu.
Hamımız bilirik ki, inkişaf yoldan başlayır. Son illər Tovuz rayonunda yolların təmiri ilə bağlı xeyli iş görülüb. İndi kənimizin yolları göz oxşamaqla yanaşı, sakinlərin rahatlığına xidmət edir.
Cənab Prezident, kəndimizin bütün sakinləri, o cümlədən ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq”.
Eyyub Heydərovdan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə bu gün dünyanın önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir. Beynəlxalq güclərin Azərbaycanın iqtisadi və siyasi qüdrətini qəbul etməsinə və onunla hesablaşmasına dözməyən Ermənistan sərhədlərimizdə təxribata cəhd etsə də, şanlı ordumuzun layiqli cavabını aldı.
Mən sovet ordusu sıralarında Uzaq Şərqdə xidmət etmişəm, hazırda ehtiyatda olan zabitəm. Hərbi taktikanın təşkili sahəsində bilik və təcrübələrimi bölüşmək, təmənnasız olaraq ordumuza xidmət etmək istəyirəm.
Vətən yolunda şəhid olmaq hamımız üçün uca zirvədir. Mübariz İbrahimov və digər qəhrəmanlarımızın yüksəldiyi zirvəyə qalxmaq, xalq məhəbbətini qazanmaq, şəhidlərimizin qisasını almaq arzularımın həyata keçməsi üçün müharibə zonasına - ön cəbhəyə getmək barədə əmrinizə hazıram.
Allah Sizi və ordumuzu qorusun! Zəfər bizimlədir!”
Ağalar Bayramovdan, Quba, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası indiki inkişaf səviyyəsinə çatmış və dünya birliyində layiqli yer tutmuşdur. Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri bütün sahələrdə hiss olunur. Son illərdə kadr islahatı sahəsində yürütdüyünüz siyasət də vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. İdarəetmənin etibarlı əllərdə olması xalqın dövlətə inamını daha da möhkəmləndirir və cəmiyyətin inkişafını sürətləndirir.
Hörmətli cənab Prezident, son iki ildə Qubada aparılan genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri, sosial sahədə yaranan canlanma məhz Sizin adınızla bağlıdır.
Kənd məktəbimizin tam orta məktəbə çevrilməsi, sel sularının kəndarası körpülərə vurduğu ziyanın aradan qaldırılması sakinlərimizin böyük sevincinə səbəb oldu.
Mənim 75 yaşım var. Qubanın inkişafını, kəndimizin çiçəklənməsini gördükcə ürəyim fərəhlənir.
Bu işlərə böyük əmək sərf etdiyinizə görə Sizə "Çox sağ olun!", "Var olun!" deyirəm, cənab Prezident!”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva