“Biz öz dövlətimizlə, ordumuzla fəxr edirik və inanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaqdır” – Vətəndaş məktubları
Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Rafiz İsmayıllıdan, Beyləqan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk”.
Məhəmməd Məmmədzadədən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Hər bir azərbaycanlı öz dövləti ilə qürur duyur. Bu gün müstəqil Azərbaycan Sizin sayənizdə güclənir və möhkəmlənir. Azərbaycan gənci olaraq apardığınız siyasəti dəstəkləyirəm və Sizə hər zaman uğur arzulayıram. Biz öz dövlətimizlə, ordumuzla fəxr edirik və inanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaqdır”.
YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasından, Biləsuvar, Azərbaycan
“Hörmətli cənab Prezident.
Siz yorulmaz fəaliyyətinizlə həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu təsdiq etmisiniz. Ona görə də xalq Sizi sevir, Sizin yorulmaz və məqsədyönlü fəaliyyətinizi daim dəstəkləyir, Sizinlə fəxr edir. Ölkəmizdə xalq-iqtidar birliyi günbəgün möhkəmlənir. Həqiqətən biz birlikdə daha güclüyük. Dünyanı bürüyən koronavirusla mübarizədə Sizin xalqla bir olmağınız, Azərbaycan xalqının sağlamlığının qorumaq yolunda atdığınız müdrik addımlar xalq tərəfindən böyük rəğbət və ehtiramla qarşılanmışdır. Hər birimiz bir daha əmin olduq ki, bu ağır günlərdə ölkə Prezidenti hər bir vətəndaşı qoruyur, xalqla nəfəs alır.
Azərbaycanın bu günədək bu ağır bəladan az itkilərlə çıxması məhz Sizin pandemiya ilə mübarizədə müdrik yanaşmanızın nəticəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Xalqımız Sizin Qarabağ məsələsində tutduğunuz qətiyyətli mövqeyinizlə də fəxr edir. Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlılarının təxribat törətmək cəhdləri iflasa uğradı. Bu belə də olmalı idi. Çünki, Azərbaycan əsgərinə xüsusi diqqət və qayğınızın nəticəsi olaraq bu gün düşmənin bütün həmlələrinə layiqli zərbə endirməyə qadir güclü ordumuz var. İgid əsgərlərimizin şücaəti qəlbimizi fərəhlə doldurur. Bu qüruru bizə yaşadan isə güclü ordumuzun Ali Baş Komandanı kimi, Sizsiniz. Uca Tanrı Sizi qorusun”.
Səfər Bayramovdan, Quba, Azərbaycan
“Hörmətli cənab Prezident.
Müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni “Asan Xidmət” mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub.
Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk”.
Müslüm Mustafayevdən, Goranboy, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram .Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.
Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək”.
Suliddin Əsgərovdan, Beyləqan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu gün bütün Azərbaycan xalqı Sizinlədir. Mən və mənim kimi minlərlə azərbaycanlı Sizin səfərbərlik əmrinizi gözləyirik və əmrinizlə düşmənlə vuruşmağa hazırıq. Sizi əmin edirəm ki, müqəddəs Vətən torpağının işğaldan azad edilməsi üçün, doğma Qarabağ uğrunda ləyaqətlə vuruşmağa hazıram. Biz Sizə inanırıq və əminik ki, yaxın gələcəkdə düşmən üzərində qələbə çalacağıq”.
Ramal Bağırovdan, Sumqayıt, Azərbaycan
“Hörmətli cənab Prezident.
Dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram”.
Anar Əsgərovdan, Ağdam, Azərbaycan
“Hörmətli cənab Prezident.
Erməni faşistləri Azərbaycanın suverenliyini pozmaq üçün yenidən hərbi təxribat törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur. Biz əminik ki, bayrağımızı Sizin rəhbərliyinizlə tezliklə doğma Qarabağımızda dalğalandıracağıq”.
Əmin Aslanovdan, Qusar, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən Sizin atdığınız hər addımı alqışlayıram. Siz bizi özümüzdən də çox düşünürsünüz. Ona görə də Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə də xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, dövlətimizin rəhbərisiniz. Ulu Tanrı Sizi və ailənizi qorusun”.
Cəmil Qurbanovdan, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır.
Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva