“Sizin kimi rəhbəri olan xalqın döyüş və qələbə əzmini heç nə qıra bilməz” – Ali Baş Komandana məktub
Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Pərviz Hüseynovdan, Samux, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu günlərdə xalqımızın həmrəy olması, vətənpərvərlik nümayiş etdirməsi heç də əbəs deyil. Xalqımızın Sizə olan inamı və etibarı sonsuzdur və Sizin əmrinizə kiçikdən böyüyə hər kəs hazırdır. Mən də Sizin əmrinizə hazıram və iradənizə inanıram”.
Xalqəddin Hüseynovdan, Xocavənd, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin qətiyyətli rəhbərliyinizlə ordumuz böyük igidlik göstərib mənfur erməniləri pis vəziyyətə saldı. Düşmən ölkə döyüş meydanında xeyli itki verməklə yanaşı, dünya birliyində də nüfuzdan düşdü.
Siz Azərbaycan xalqının layiqli Prezidentisiniz. Mən Xocavənd gənclərinin adından müraciət edərək cəbhə bölgəsində döyüşməyə, işğal altında olan torpağımı azad etməyə hazır olduğumu bildirir və Sizin əmrinizi gözləyirəm.
Biz Vətən uğrunda şəhid olanları unutmayacağıq.
Allah Sizi qorusun, cənab Ali Baş Komandan”.
Emin Qurbanovdan, Biləsuvar, Azərbaycan
“Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız.
Sizin fəaliyyətiniz, ordumuzun potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır.
İyulun 12-də Tovuz döyüşlərində ordumuzun ləyaqətli döyüşçüləri, zabitləri düşməni xeyli itki verdirərək geri oturtdular. Qarı düşmən bilsin ki, Sizin kimi rəhbəri olan xalqın döyüş və qələbə əzmini heç nə qıra bilməz. Yaxşı ki, varsınız”.
İlhamə İsabalayevadan, Sumqayıt, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına verdiyiniz dəstək hər zaman hiss edilib. İstər maddi, istər mənəvi baxımdan verdiyiniz dəstəklə daim jurnalistlərin yanında olduğunuzu hiss etdirmisiniz, onların fəaliyyətinə stimul vermisiniz, problemlərinin həllinə müxtəlif formalarda yardım etmisiniz. Bu gün deyə bilərik ki, Azərbaycan jurnalistikasının inkişafı üçün əzmlə çalışan, əlindəki qələmi ilə Vətənə layiqincə xidmət edən hər bir KİV nümayəndəsi bu və ya digər formada layiqli qiymətini alır.
Cənab Prezident, artıq 20 ildir ki, jurnalistika sahəsində vicdanla, yorulmadan, alnıaçıq çalışıram. Sizin tərəfinizdən "Tərəqqi" medalı ilə təltif edilməyim mənim 20 illik jurnalistlik fəaliyyətimə verilən ən böyük dəyərdir. Verdiyiniz bu qiymət mənim üçün böyük stimul, qurur mənbəyidir. Bu sevinci mənə, eləcə də təltif edilən digər həmkarlarıma yaşatdığınıza, jurnalistlərə verdiyiniz mənəvi dəstəyə görə, cənab İlham Əliyev, Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, “Tərəqqi” medalına layiq görülən və fəxri ad alan hər bir həmkarım Sizin bu yüksək etimadınızı doğruldacaq və bundan sonra Vətənə daha böyük əzmlə xidmət edəcək. Təşəkkür edirəm, cənab Prezident”.
Elçin Babayevdən, Bakı, Azərbaycan
“Zati-aliləri, möhtərəm cənab Prezident.
Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və bacarığınız sayəsində bu gün Azərbaycan yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər xalqımızda gələcəyə əminlik yaradır, ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verir. Azərbaycanın öz gücünə söykənən və sözlə əməlin vəhdətinə əsaslanan müstəqil siyasəti ölkəmizi irəli aparır, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi beynəlxalq şəraitdən asılı olmayaraq qorunur, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir.
Bu günlərdə erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri hərbi təxribata qarşı rəşadətli ordumuzun düşmənin döyüş mövqelərini, canlı qüvvəsini, hərbi obyektlərini sarsıdıcı zərbələrlə darmadağın etdiyinin şahidi olduq.
Qanlı döyüşlərdə yüksək rütbəli hərbçilərimiz, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbr versin. Onların qanı heç vaxt yerdə qalmayacaq.
Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, düşmənə adekvat cavab verilmiş, hərbçilərimizin qanı yerdə qalmamışdır. İctimaiyyətə də məlumdur ki, ordumuz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmiş, düşmənə sarsıdıcı zərbə endirmişdir. Amma həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlətməklə bərabər, riyakar və məkrli niyyətindən əl çəkmir.
Möhtərəm cənab Prezident, Siz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu və bu işğalla heç zaman barışmayacağımızı ifadə etmiş, erməni təcavüzkarlarının faşist xislətinin mahiyyətini ifşa etmişsiniz. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağımıza inanırıq. Xalqımız əmindir ki, bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır.
Bu günlər xalqımız müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlarda qazandığı zəfərin qürur və sevincini yaşayır. Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırır və biz bu uğurlara ürəkdən sevinirik.
Bizə ilhamverici qüvvə əsgərlərimizin cəsarəti, mərdliyi və vətənpərvərliyidir. Bu gün Azərbaycanda dövlətçiliyə bağlı sağlam gənc nəsil yetişib və bu nəsil Sizin, Ali Baş Komandanın əmrini gözləyir. Qürurverici haldır ki, sıravi vətəndaşlarımız da könüllü olaraq cəbhə bölgəsinə yollanmaq üçün müvafiq dövlət orqanlarına müraciət etmiş, Vətən yolunda döyüşməyə hazır olduqlarını bildirmişlər.
Xalqımız Sizin qətiyyətinizdən və iradənizdən ruhlanır, möhtəşəm fəaliyyətinizi daim yüksək qiymətləndirir, bütün sahələrdə yürütdüyünüz məqsədyönlü və müdrik siyasətinizi ürəkdən dəstəkləyir.
Cənab Ali Baş Komandan, Bakı Dövlət Universiteti ailəsi adından Sizə təşəkkür edirik. Verdiyiniz hər bir əmri layiqincə yerinə yetirməyə hər an hazırıq. Biz döyüş cəbhəsində olmasaq da, ürəyimiz cəsur əsgər və zabitlərimizin yanındadır. Azərbaycan Ordusunun yeni zəfərlərinin sorağını eşitmək arzusundayıq”.
Pünhan İsmayılovdan, Samux, Azərbaycan
“Hörmətli cənab Prezident.
Xalqımızda orduya inamı məhz Siz yaratdınız. Verdiyiniz bütün qərarlar kimi, müharibə əmriniz də biz gənclərin başının tacıdır. Sizin əmrinizi gözləyir və iradəniz inanırıq”.
Elxan Babayevdən, Abşeron, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu günlərdə şanlı ordumuz erməniyə əsl gücünü göstərdi. Uşaqdan böyüyə kimi bütün xalq bu qələbəyə sevinir, ordumuza dəstək olduğunu bildirir, həmrəylik göstərirdilər. Düşmənə olan hiddət, əsgərə hörmət xalqı coşdurdu, bir araya gətirdi, xalqın özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Bu zəfər ordu ilə xalq birliyinin ənənəviliyini göstərdi. Bütün qalibiyyətlər kimi bu qələbə də itkisiz ötüşmədi. Şəhidlər bizi qələbəyə aparan yola mayak oldular.
Biz inanırıq ki, bu döyüşlər düşmən üzərində böyük qələbənin başlanğıcı olacaq.
Mən də bu qələbə döyüşlərində iştirak etmək üçün səbirsizliklə Sizin əmrinizi gözləyirəm”.
Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu günlərdə erməni təxribatı nəticəsində şəhid olan qəhrəmanlarımızı uğrunda canını qurban verdiyi torpağa tapşırdıq. Vətən uğrunda canından keçmiş övladlar son mənzilə yola salınarkən insanların gözlərində yaş, qəlblərində kədər, dodaqlarında qələbə kəlməsi, gözlərində ümid var idi.
Bu qələbə ümidi milyonlarla azərbaycanlını bir araya gətirdi.
Cənab Prezident, mən hərbi xidmət zamanı II qrup əlillik dərəcəsi almışam. Buna baxmayaraq, şəhidlərimizin qisasını almaq üçün əmrinizi gözləyirəm”.
Qaşqay Ramazanovdan, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar 22 iyul 2020-ci il tarixində imzaladığınız “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamınız mənə ikiqat bayram sevinci bəxş etdi.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərimi yüksək qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı çatdırmaq istəyirəm. Səmimi olaraq bildirirəm ki, dövlət başçısı tərəfindən təltif olunmağım müstəqil dövlətimizin gələcəyi naminə daha böyük əzmlə və həvəslə çalışmağım üçün stimul verir. Eyni zamanda, Azərbaycan mətbuatında uzunmüddətli fəaliyyətimə verdiyiniz dəyərə görə dərin məmnunluq hissi keçirir və bu təltifi çalışdığım “Yeni Azərbaycan” qəzetinin kollektivinə göstərilən diqqət və qayğının təzahürü hesab edirəm”.
Allahverdi Mehdiyevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Dövlətə rəhbərlik edəndən bəri yürütdüyünüz siyasət cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlarla müşayiət olunur. İslahat prosesi mediadan da yan keçmir. Milli mətbuat ənənələrinin qorunub saxlanması, medianın ictimai-siyasi həyatda yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu həmişə diqqət mərkəzində saxlayırsınız. Dövlətçilik ənənələrinə bağlı olan, milli maraqları rəhbər tutan mətbuatın inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq ardıcıl tədbirlər görürsünüz. Bu baxımdan milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında verdiyiniz Sərəncam ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Yubiley ölkəmizdə geniş qeyd olunmuşdur. Bu münasibətlə milli mətbuatın inkişafında xidmətləri olan bir sıra jurnalistləri mükafatlandırmısınız. Təltif olunanlar arasında mən də varam. Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
Orxan Mustafayevdən, Yardımlı, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması bizi necə narahat etmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi. Biz gənclər Sizə daim inanır, güvənir və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız. Allah Sizi qorusun, cənab Prezident”.
Qurban Həsənovdan, Samux, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Ordumuzun bugünkü qüdrəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bariz təzahürüdür.
Siz nə zaman əmr versəniz, bilin ki, biz əlimizə silah alıb qələbəyə doğru inamla addımlayacağıq. Biz Sizin iradənizə inanırıq”.
Əlvan Lətifovadan, Cəbrayıl, Azərbaycan
“Cənab Ali Baş Komandan.
İlk olaraq bildirmək istəyirəm ki, bir məcburi köçkün kimi hər zaman dəstəyinizi hiss etmişik.
Hazırda dünyanın bütün ölkələrində müharibələr, xəstəliklər, siyasi iğtişaşlar vüsət alıb. Lakin Sizin sayənizdə ölkəmizdə əmin-amanlıq hökm sürür. Bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə milli, irqi və dini ayrı seçkilik yoxdur.
Müxtəlif ölkələrin vətəndaşları ölkəmizdə çox rahat bir şəkildə hərəkət edə və yaşaya bilirlər. Bir ziyalı gənc olaraq demək istəyirəm ki, təhsilə də xüsusi önəm verməyiniz diqqətimizdən yayınmır. Təhsilin inkişafı üçün əlinizdən gələn hər bir işi etməyiniz bizdə bir gənc kadr olaraq gələcəyə çox böyük inam hissi yaradır.
Son zamanlar Tovuzda baş verən erməni təxribatı bir daha onu göstərdi ki, biz bir ölkə olaraq, Ermənistan dövlətini hər zaman qorxuya salmaqda davam edirik. Güclü ordumuzun iradəsi, gənclərimizin orduya dəstək məqsədilə keçirdiyi yürüşlər düşməni bir daha qorxuya saldı. Düşmən özünü nəinki bizimlə müqayisə etmək, hətta Ermənistan xalqı bir dövlət olaraq öz varlığını belə şübhə altına aldı.
Cənab Ali Baş Komandan, biz Sizə inanır, siyasətinizi hər zaman dəstəkləyir və qəbul etdiyiniz düzgün qərarlar sayəsində torpaqlarımızın tezliklə düşmən tapdağından azad olacağına inanırıq”
Səməndər Abasovdan, Quba, Azərbaycan
“Hörmətli cənab Prezident.
Odlar diyarı Azərbaycanın misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyi kimi tanınan Qubamız ildən-ilə inkişaf edir.
Bizim kəndimiz Quba şəhərindən 30 kilometr uzaqlıqda, Şahdağın ətəyində, Quba- Xınalıq yolunun üstündə yerləşir. Son illər Sizin diqqət və qayğınızla həyata keçirilən böyük layihələr Qubada, o cümlədən kəndimizdə həyat səviyyəsinin, insanların şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Təkcə bu il kəndimizdə yeni məktəb binası tikilib, qaz xətti çəkilib, evlər mavi qazla təmin olunub. Keçən ildən alternativ Quba-Xınalıq yolunun çəkilişi başlanılıb. Kəndimizin də yolları asfaltlanıb. Yolların üstündə 3 körpü tikilib. Bu sevindirici hadisələr kənd sakinlərinin gələcəyə inamını artırıb.
Cənab Prezident, son illər rəhbərliyinizlə aparılan sosial-iqtisadi islahatlar çox böyük səmərə verir. 50 ilin müəllimi kimi mən rayonumuzda olan inkişafdan qürur hissi keçirirəm. Əminəm ki, bu dəyişikliklər gələcəkdə regionda turizmin inkişafına da şərait yaradacaq.
Cənab Prezident, rayonumuzun, o cümlədən doğma kəndimizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm”.
Ziya Şirinovdan, Cəbrayıl, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu bölgəsində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində ordumuzun hərbi qulluqçuları şəhid olmuş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Əlbəttə ki, düşmən layiqli cavabını alaraq cəzalandırıldı, xeyli sayda canlı qüvvə itirərək geri çəkilməyə məcbur edildi.
Cənab Prezident, biz tam əminik ki, tezliklə Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ərazi bütövlüyümüzü bərpa etməklə davamlı inkişafımızın daha da möhkəmləndirilməsinə nail olacağıq. Bu xüsusda biz gənclər Sizin əmrlərinizi yerinə yetirməyə daim hazırıq”.
Şakir Eminbəylidən, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Məni də digər dəyərli həmkarlarım kimi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə təşəkkür edirəm.
Bu mükafat tərəfinizdən kiçik fəaliyyətimə verilən növbəti böyük dəyərdir. Vətənə, dövlətə, xalqa, millətə xidmətdən zövq almaq gözəl hissdir. Bu mənada ölkədə qibtə edəcəyim, şəxsən və çox yaxından tanıdığım birinci şəxs Sizsiniz. Xalq qarşısında xidmətiniz bir nümunə, bir örnəkdir. Bu örnəkdən faydalanaraq dövlət və Vətən naminə bundan sonra da borc saydığım, bacardığım işi yerinə yetirəcəyəm. Çünki, timsalınızda gördüyüm kimi, bu zövqlü və həzz ala biləcəyimiz ən böyük dəyərdir.
Cənab Prezident, Sizə təşəkkür edirəm”.
İsa Cəfərovdan, Bərdə, Azərbaycan
“Cənab Ali Baş Komandanımız.
Bədnam qonşularımızın başladıqları Dağlıq Qarabağ müharibəsi Azərbaycanın neçə-neçə qəhrəman oğul və qızının adını tarixin səhifəsinə yazdı. Bu gün o səhifələrə yeni qəhrəmanların adı yazılır. Bu qəhrəmanlar minlərlə gənci Vətən naminə səngərlərdə birləşdirdi. Onları düşmənlə üzbəüz səngərlərə, odun-alovun içinə çəkən yeganə qüvvə Vətən sevgisidir.
Cənab Prezident, bu gün mən də o qəhrəmanların sırasında olmaq istəyirəm. Hazırda qardaşım hərbi xidmətdədir, özüm isə ehtiyatda olan zabitəm. Cəbhə bölgəsində başlayan atışmalar, Tovuz rayonu istiqamətində gedən döyüşlər məni də bir azərbaycanlı kimi narahat edir.
Bu gün hamımızın bir amalı var - şəhidlərimizin qisasını almaq. Onlar Vətən, xalq uğrunda canlarını fəda etdilər, şəhid zirvəsinə ucaldılar.
Hörmətli cənab Prezident, mən də ordu sıralarına könüllü qoşularaq şəhidlərimizin qisasını almaq üçün Sizin əmrinizi gözləyirəm”.
Mövzu ilə əlaqədar oxuyun:
S.Xankişiyeva