“İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının dayanıqlığını təmin edəcək”
Azərbaycanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək iqtisadi strategiyasını düzgün müəyyənləşdirməsi davamlı uğurların əldə olunmasında stimulverici amildir. Son 17 ildə əldə olunan uğurların miqyasına diqqət yetirmək kifayətdir. Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verməsi bugünkü reallıqlarımıza, ən əsası Azərbaycanın qarşıdakı onilliklərdə dayanıqlı inkişafına hesablanmış addım kimi dəyərləndirilir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:
«Son 17 ildə neft strategiyasının məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması fonunda davamlı inkişafın təmin edilməsi düzgün və möhkəm iqtisadi təməlin təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2011-ci ildə Azərbaycanın müstəqillik tarixinin 20-ci ilində əldə etdiyi uğurlara söykənərək təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqaməti özündə ehtiva edən Strateji yol xəritələri müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır».
V.Rəhimzadə vurğulayıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixli «Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərmanında da qeyd edildiyi kimi, son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur: «Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində qarşıdakı dövrün prioritetlərini açıqlayarkən bildirmişdir ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Təbii ki, bu addım ölkənin iqtisadi inkişafı ilə sıx bağlıdır. Həmçinin bu tezis də diqqətə çatdırılmışdır ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Son 17 ildə atılan addımların məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi mövqeyini möhkəmləndirməklə yanaşı, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb.»
Baş redaktor onu da bildirib ki, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli dövlətə çevrilməsidir ki, artıq bunlar reallıqdır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar, regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə 2 milyondan artıq yeni iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq 4,8 faiz səviyyəsindədir.
«Atılan hər bir addım dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını təsdiqləyir» söyləyən V.Rəhimzadə qeyd edib ki, təkcə pandemiya dövründə insanların sağlamlığının qorunması ilə yanaşı, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət idarəçilik sistemində təkmilləşmələr, sosial-iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi pandemiya dövrünün reallıqları sırasında xüsusi yer tutur. Məhz bu kimi tədbirlər, gələcəyə hesablanmış addımlar ölkəmizin hər bir çətinlikdən uğurla, az itki ilə çıxmasını şərtləndirir.
V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin məlum Fərmanında əksini tapan bu məqama da xüsusi diqqət yönəldib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.
Baş redaktor vurğulayıb ki, iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməyə hədəflənib: «Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla yeni məqsədlərin gündəmə gətirilməsi ilə uzlaşır. Müqayisəli təhlil aparsaq, möhtərəm Prezidentimizin məlum Fərmanı ilə 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurasının əsas missiyası makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib – Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.
Hazırki əlverişsiz qlobal mühitdə əsas məqsəd isə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır. Cənab Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır.»
Baş redaktor qeyd etdikləri əsasında bu ümumiləşdirməni aparıb ki, dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində İqtisadi Şura da qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olacaq, postpandemiya dövrünün hədəfləri real həyatda öz əksini tapacaq.
1news.az