Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti nəticəsində Ermənistan dünyada təcavüzkar ölkə kimi ifşa olunur
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı Azərbaycanın dünya birliyində yerini, qlobal proseslərdə rolunu və əhəmiyyətini bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidenti çıxışı zamanı Ermənistanın işğalçı, faşist simasını, onun təcavüzkar planlarını ifşa etdi. Dövlətimizin başçısı qeyd etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Ermənistan BMT-nin Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan bu qətnamələrə məhəl qoymamaqda davam edir.
Deputatın sözlərinə görə, dövlətimizin başçısı Ermənistan hakimiyyətinin təxribatçı bəyanatlarını, cəbhə xəttində gərginliyi artırdığını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini faktlarla sadalayıb. Ermənistanın bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkdiyini bildirən S.Fətəliyeva deyib: “Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda, indiyə qədər rəsmi Yerevan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa edilməli və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlətimizin başçısı qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib olunmalıdır. BMT-nin müvafiq təsisatları qurumun Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. Bu, çox mühüm məsələdir. Çünki digər beynəlxalq qurumlardan fərqli olaraq, BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, onun qəbul etdiyi qərarlar icra olunmalıdır. Digər təşkilatların qərarları isə tövsiyə xarakteri daşıyır. Amma BMT Təhlükəsizlik Şurasının bir sıra ölkələrə dair qərarları dərhal icra olunsa da, Dağlıq Qarabağ problemi ilə bağlı qətnamələr yerinə yetirilmir. Bu, ikili standartların göstəricisidir. Ona görə də bu qətnamələrin icrası ilə bağlı yeni qrafikin tərtib olunması olduqca vacibdir”.
S.Fətəliyeva qeyd edib ki, BMT rəhbərliyi və qurumun müvafiq təsisatları münaqişənin tezliklə həlli, bölgədə sülh və təhlükəsizlik naminə bu addımı atmalıdır. Onun sözlərinə görə, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu özünü doğrultmur. Çünki Minsk qrupunun həmsədrləri işğalçıya qarşı heç bir addım atmır, ümumi bəyanatlar verməklə kifayətlənir.
“Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən qeyd edib ki, ermənilər beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Dövlətimizin başçısı vurğuladığı kimi, Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Bütün bunlar onu göstərir ki, Minsk qrupunun münaqişənin həllində bundan sonra da obyektiv münasibət sərgiləyəcəyini gözləmək sadəlövhlük olardı. Bu səbəbdən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün real addımlar atılmasına çalışmaq lazımdır”, - deyən deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti nəticəsində bu gün Ermənistan bütün dünyada təcavüzkar, işğalçı, anti-demokratik, faşizm ideologiyasına xidmət edən ölkə kimi ifşa olunur.
S.Xankişiyeva