Çavuşoğlu və Lavrov Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını müzakirə ediblər
Bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
1news.az-ın TRT Haber-ə istinadla verdiyi xəbərə görə, telefon danışığı zamanı onlar Azərbaycan-Ermənistan arasındakı bu gün səhər yaranmış vəziyyətin gərginləşməsini müzakirə ediblər.
Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb:
“Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır”.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
S.Xankişiyeva