Prezident: Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan həyata keçirilir
COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. “Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.
Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.
Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.
Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.
İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir”.
S.Xankişiyeva