Tural Gəncəliyev: Qarabağda yaşayan ermənilər Ordumuza, dövlətimizə sığınmalıdırlar
Qarabağda yaşayan ermənilərə müraciət edərək demək istəyirəm ki, onlar yeganə legitim hakimiyyət olan Azərbaycan Respublikasının dövlət hakimiyyətini, ordusunu legitim ordu kimi qəbul etməli və terrorçu ünsürlərin, onları 30 il əsarətdə saxlayan qanunsuz rejimin aradan götürülməsi üçün bizə - Ordumuza, dövlətimizə, Azərbaycan Respublikasının Ali Baş Komandanının iradəsinə sığınmalıdırlar.
1news.az xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev "Trend" İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibə verərkən deyib.
Onun sözlərinə görə, əks halda, Qarabağda yaşayan ermənilərin həmin terrorçularla, qanunsuz hərbi birləşmələrlə bir yerdə olması onların məhz cinayətkarın tərəfində olması deməkdir: "Onlar Azərbaycan vətəndaşlarıdırlar və bunu başa düşməlidirlər. İstənilən bir variantda onlar Azərbaycanın suverenliyi altında yaşayacaqlar. Ona görə də öz həyatlarını, öz ətraflarını daha təhlükəsiz hiss etmək istəyirlərsə, inkişaf edən, rifahlı bir ölkədə yaşamaq istəyirlərsə, həmin o ünsürlərdən canlarını qurtarmalıdırlar".
T.Gəncəliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüququn tələblərinə tam şəkildə əməl edərək hərbi əməliyyatlar keçirir:
"Biz düşmənin yalnız hərbi obyektlərinə zərbələr endiririk. Amma Ermənistan silahlı qüvvələri acizlik göstərərək Azərbaycanda mülki vətəndaşların yaşayış məntəqələrini bombalayırlar. Bu da bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın əsas məqsədi işğal olmuş ərazilərdə və təmas xəttində yaşayan xalqımızı məhv etmək, növbəti etnik təmizləmə aparmaqdır. Bu isə beynəlxalq hüquq normalarının tamamilə pozulmasıdır".
1news.az