İlham Əliyev: Ermənistan Azərbaycan Ordusunun əks-hücumunu dayandırmaq üçün alçaq hərəkətlərə əl atır
Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb.
Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində məlumat verib.
Azərbaycanın adekvat tədbirlər görməyə məcbur olduğunu, ordumuzun operativ surətdə əks-hücuma keçdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır.
Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır”.
Prezident İlham Əliyev qeyd edib ki, bu, erməni tərəfin köhnə taktikasıdır. “Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
S.Xankişiyeva