Rusiyalı politoloq: Dinc əhaliyə və mülki obyektlərə hücumlar ATƏT-in həmsədrlərinə, o cümlədən Rusiyaya açıq-aşkar hörmətsizlikdir
Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması əvvəl əldə edilmiş razılaşmaları düyünə salır. Ermənistan bundan əvvəl də razılaşmaları dəfələrlə pozub, lakin indi belə təsəvvür yaranır ki, o, belə hərəkətləri qəsdən edir, Azərbaycanın Gəncə şəhərinə zərbə endirir. Bu zərbə dinc əhali arasında insan tələfatına səbəb olub, Azərbaycan buna sakit münasibət bəsləyə bilməyəcək.
AZƏRTAC-a bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova söyləyib.
Onun fikrincə, Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir. O istəyir ki, Bakı da Ermənistan şəhərinə zərbə endirilməsi barədə komanda versin, axı bu halda Paşinyan müdafiə olunmaq üçün tam əsasla KTMT-yə müraciət edə bilər, çünki müharibə həm də Ermənistan ərazisinə aid olacaq.
Politoloq deyib: “Belə aktı məqsədyönlü təxribat adlandırmaq olar. İndi çox şey rəsmi Bakının necə qərar qəbul edəcəyindən asılıdır. Vəziyyət isə mürəkkəbdir, ona görə ki, münaqişənin strateji inkişafı müəyyən ediləcək. Digər tərəfdən başqa bir versiyanı da nəzərdən keçirmək olar: erməni hərbi sərkərdələri Paşinyana tabe olmur və onlar Paşinyanı aradan götürmək üçün bu qərarı qəbul edirlər. Biz bilirik ki, həmin hərbçilər Respublikaçılar partiyasının Qarabağ klanına aid olan üzvləridir və onlar hakimiyyəti özlərinə qaytarmaq istəyirlər. Bundan ötrü Paşinyanı “ilişdirmək”, onun bu münaqişəni həll etməyə qabil olmadığını göstərmək lazımdır. Sonra isə onu devirmək asan olacaq”.
D.Qrevtsova vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı məsuliyyətə çağırmalı və münaqişənin diplomatik həllini pozduğuna görə ona təzyiq göstərməlidir. O deyib: “Dinc əhaliyə və mülki obyektlərə hücumlar ATƏT-in həmsədrlərinə, o cümlədən münaqişənin həlli üçün hər cür səy göstərən Rusiyaya açıq-aşkar hörmətsizlikdir”.
S.Xankişiyeva