Prezident Azərbaycan Ordusunun məhv etdiyi və ələ keçirdiyi düşmən hərbi texnikasının siyahısını açıqladı
“İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb”.
1news.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib ki, toplam 280 tankdır, amma yenə də hələ ki, tanklar var: “Həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində... Hardandır bunlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir yetirmir? Bax, biz deyirik 241 tank məhv edilib. Onların sonra nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə, onların öz tankları ilə atəş açırlar”.
Dövlət başçısı daha sonra düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını da açıqlayıb: “Piyadaların döyüş maşınları 50-si məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən artilleriya qurğuları 17-si məhv edilib. 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan”, 2 “Yars” məhv edilib. 1 TOS məhv edilir. 4 S-300 zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda 2 S-300 zenit-raket kompleksi məhv edilmişdi, bu gün artıq 4 kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir. Çox bahalı hərbi texnikadır. 3 TOR zenit-raket kompleksi məhv edilib. 40-a yaxın OSA zenit-raket kompleksi məhv edilib. 5 KUB və “Kruq” zenit-raket kompleksi məhv edilib. 6 Pilotsuz uçuş aparatı (PUA) məhv edilib. 2 əməliyyat taktiki raket kompleksi - "Elbrus" məhv edilib. 1 ballistik raket, 1 Toçka-U raketi, 8 radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobillər olub. 102 yük avtomaşın hərbi qənimət kimi götürülüb".
Qafar Ağayev