“Sizin yazdığınız ən yeni şanlı Azərbaycanın tarixini gələcək nəsillər öyrənəcək və öyünəcək” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin yazdığınız ən yeni şanlı Azərbaycanın tarixini gələcək nəsillər öyrənəcək və öyünəcək” – Prezidentə məktub

21:53 - 21 / 10 / 2020
“Sizin yazdığınız ən yeni şanlı Azərbaycanın tarixini gələcək nəsillər öyrənəcək və öyünəcək” – Prezidentə məktub

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır.

Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Məzahir Şahmarovdan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, hörmətli cənab Ali Baş Komandan.

Qəlbi qürur, sevinc hissi ilə dolan, son hadisələrin gedişatından riqqətə gələn bir azərbaycanlı kimi apardığınız siyasət və əldə olunan uğurlara görə Sizə dərin təşəkkürümü bildirir, Sizin rifahınız, uğurlarınız üçün Allaha dua edirəm.

Haqq işinizdə, zalımlara, qəddarlara, vandallara, başqalarının haqlarına sahib çıxmaqla özünü doğru hesab edənlərə qarşı mübarizənizdə Siz tək deyilsiniz. Daim beynəlxalq hüquqdan, sülhdən danışan qonşularımız əslində isə ikiüzlü, riyakar, insanlıq əleyhinə əməllər törədirlər.

Beynəlxalq qurumlar, iri dövlətlər 30 il ərzində Azərbaycan torpaqları erməni vəhşiləri tərəfindən zəbt olunanda, Xocalıda vandalizm, soyqırım törədiləndə, 1 milyon günahsız insan qaçqın, köçkün həyatı yaşayanda, mütəmadi olaraq sərhəddə və təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər qətlə yetiriləndə susur, hazırda isə sülhə çağırışlar edirlər.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycanın başladığı iş haqq işidir. Torpaqlarımıza sahib çıxmaq umun başladığımız yolda dostlarımızı, düşmənlərimizi və mövqesiz dövlətləri, liderləri tanıdıq. Bu müharibə bizə həm vətənpərvərlik məktəbi, həm də dostu, düşməni tanımaq baxımından nümunə dərsi oldu.

Cəmiyyətdə olan yüksək döyüş ruhu, vətənpərvərlik hissi, Sizə olan inam və sevgi günü-gündən dərinləşir və genişlənir. Bu gün hamı “Hər şey cəbhə üçün, hər şey Ordu üçün, hər şey Qələbə üçün” şüarı ilə yaşayır. Bu gün hər bir azərbaycanlı üçün milli qurur, vətənpərvərlik duyğularının zülmə, təcavüzə qarşı dirəniş savaşı və mücadiləsi zamanıdır.

Biz şərəfli bir tarixi dövrdə yaşayırıq. Tarixi isə dahi şəxsiyyətlər yazır. Sizin yazdığınız ən yeni şanlı Azərbaycanın tarixini gələcək nəsillər öyrənəcək və öyünəcək.

Bu günlərin tez olması üçün hər bir vətəndaş canı ilə, qanı ilə təcavüzkara qarşı mübarizəyə hazırdır. Bu gün xalqımız şəhidlik zirvəsini özünə fəxr bilir. Artıq düşmən sarsılmış, məğlubiyyət qoxusu onu bürümüş, imkanları tükənmişdir. Qələbə günü yaxındadır. Qoy Uca Allahımız bu yolu bizə asan və qısa etsin.

Hörmətli Prezidentimiz, qəlbimiz, ruhumuz səngərlərdədir, Ordumuzladır, Sizinlədir. Biz bir olub qalib gəlməyə qadirik. Buna bizim imkanlarımız, iradəmiz və gücümüz çatırş Bu haqq işimizdə Uca Allah Ordumuza, onun hər bir əsgər və zabitinə, Ali Baş Komandanımıza kömək və dayaq olsun. Sizə güc və qüvvət versin!”

Ələsgər Əhmədovdan, Saatlı, Azərbaycan

“Hörmətli Prezidentimiz.

Biz Sizinlə fəxr edirik. Sizin çıxışlarınız və müsahibələriniz bizlərdə ruh yüksəkliyi yaradır, döyüş əzmimizi artırır. Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı zəfərlərə çox sevinirik.

Buna görə Sizə minnətdarıq. Allah Sizə və Ordumuza güc-qüvvət versin. Bütün xalq Sizi çox sevir, dəstəkləyir.

Biz sahibkarlar da istənilən dəstəyi göstərməyə hazırıq.

Yaşasın İlham Əliyev!

Yaşasın Ordumuz!”

Emin Nəzərovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Əhalinin həyat və sağlamlığını daima düşündüyünüz, qorumaq üçün heç nəyi əsirgəmədiyiniz üçün Sizə öz adımdan və ailəmiz adından dərin təşəkkür edirəm.

Sizin rəhbərliyiniz altında torpaqlarımızın ard-arda düşmən taptağından azad olunması, rəhbərliyiniz altında aparılan anti-terror əməliyyatları bizdə qürur hissi oyadır və məhz Sizin kimi müdrik, uzaqgörən bir Liderimizin olmağına görə özümüzü xoşbəxt hiss edirik.

Hər an ölkəmizin ərazi bütövlüyünü bərpa edərək qorumağa, dövlətimiz və xalqımız uğrunda özünü əsirgəmədən çalışmağa, Sizin əmirlərinizi hər an icra etməyə hazır olduğumu bir daha bildirmək istərdim”.

Rəxşəndə Bayramovadan, Quba, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz Sizə inanır və bu ağır, şərəfli yolda atdığınız qətiyyətli addımlarınız ilə qürur duyuruq. Bu gün tarix yazılır-Vətən tarixi. Bu şanlı tarixin yazılmasının müəllifi Siz oldunuz. 30 il həsrəti ilə yaşadığımız Azərbaycanın dilbər guşələrindən olan Qarabağ bölgəsi və ətraf 7 rayon illərdən bəri düşmən tapdağı altında idi. Hazırda rəhbərliyinizlə torpaqlarımız erməni vandallarının işğalından azad olunur. Bu gün Azərbaycan bir candır.

Bu canın bir yarası var o da Qarabağdır. Azərbaycanlıyam deyən hər kəs milli mənsubiyyətindən, etnik qrupundan, yaşından, cinsindən asılı olmayaraq hər birimizin qəlbi Qarabağla döyünür.

Cənab Ali Baş Komandan Biz Sizinləyik. Bu günlərdə hər bir sözünüz, dediyiniz fikirlər bizlər tərəfindən yüksək dəyərləndırılir və hər bir çıxışınız bizim üçün bir inam, bir ümid və Qarabağımıza gedən yolda bir işiqdır. Biz inanırıq yox əminik ki, Sizin qətiyyətli və məqsədyönlü fəaliyyətiniz ilə qısa müddət ərzində üçrəngli şanlı Bayrağımız Qarabağımızın gözü olan Şuşada dalğalanacağına inanırıq.

Biz Soyqırımı Memorial Kompleksinin əməkdaşları olaraq erməni xislətinin əsil simasını-soyqırımı həqiqətlərini ziyarətçilərə çatdırarkən həm də Sizin komandanlığınız ilə əldə edəcəyimiz şanlı Qələbəmizi qürurla təbliğ edəcəyik.

Yaşasın Şanlı qəhrəman Azərbaycan xalqı!

Yaşasın Odlar Yurdu Azərbaycan! Qarabağ Azərbaycandır!”

Ofelya Şükürovadan, Laçın, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz həmişə biz məcburi köçkünlərlə birlikdə olmuş, qayğımıza qalmışınız. Həmişə mənəvi dayağımız olmusunuz. 2011-ci ildə ad gününüzü Taxtakörpü ərazisində yaşayan laçınlı məcburi köçkünlərlə keçirməniz buna sübutdur.

Hazırda doğma torpaqlarımız Sizin başçılığınız altında güclü Ordumuzun sayəsində düşməndən azad edilir. Biz laçınlıların ən böyük arzusudur ki, bu il doğum gününüzü bizimlə birlikdə Laçın rayonunda qeyd edəsiniz.

Allah Sizi və Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!”

Şənlik Əhmədovdan, Bakı, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Günümüzün yenilməz sərkərdəsi, dövrümüzün Cavanşiri, zamanının Babəki, xalqının fəxri, uzaqgörən siyasətçi, hər bir azərbaycanlının Prezidenti, mən bir müəllim kimi Sizinlə fəxr edirəm.

Verdiyiniz Qələbə xəbərlərindən sonsuz bir həzz alıram. Düşmən ölkənin hakim dairələrinə qarşı qoyduğunuz qətiyyətli mövqe məni qürurlandırır, onların ünvanına səsləndirdiyiniz ifadələr sanki ürəyimizdən tikan çıxarır.

Xalqın demək istədiyi hər bir kəlməni Siz deyirsiniz. Tezliklə Sizin və rəşadətli Ordumuzun qətiyyəti ilə bütün torpaqlarımızın azad olacağı ümidi ilə yaşayırıq. Apardığınız siyasətdə daim Sizin arxanızdayıq.

Allah Sizi qorusun”.

Sara Məmmədovadan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin əyilməz qürurunuz, iradəniz, cəsarətli qərarlarınız Azərbaycan Ordusunun əsgərləri və mülki əhalimizdə ruh yüksəkliyi yaradıb. Öz doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərin həsrətli gözlərində ümid çırağı yandırıb.

Sizin apardığınız düzgün siyasət sayəsində düşmən tapdağı altında olan torpaqlarımız şanlı Ordumuz, vətənpərvər əsgərlərimiz tərəfindən alınır.

Çox sevinirəm ki, Sizin rəhbərlik etdiyiniz bir ölkədə yaşayıram və Sizinlə hər zaman fəxr edirəm, cənab Ali Baş Komandan.

Hörmətli cənab Prezident, Sizin adınız şərəfli tariximizə qızıl hərflərlə yazılacaqdır. Ona görə ki, Azərbaycanımızın yeni, xoşbəxt gələcəyə aparan tarixinin müəllifi Sizsiniz. Allah Sizə uzun ömür, cansağlığı qismət etsin. Azərbaycan xalqının başından heç vaxt əskik olmayasınız. Biz ailəlikcə Sizinlə fəxr edirik və qürur duyuruq. İnanırıq ki, yaxın bir zamanda Sizin dilinizdən Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm Qələbəsi xəbərini eşidəcəyik.

Allah Sizi və o mərd, cəsur, igid, qorxmaz əsgərlərimizi qorusun. Zəfər bizimdir. Zəfər haqqın yanındadır, haqq da bizim tərəfimizdədir.

Qarabağ Azərbaycandır!

Ulu Tanrı Ali Baş Komandanımızı, Azərbaycan xalqını qorusun!”

Polad Ağalıdan, Bakı, Azərbaycan

“Əziz və sevimli İlham Əliyev.

Siz bizim mərd, cəsur, qəhrəman Prezidentimizsiniz.

Mən 2-ci sinifdə oxuyuram. Atam və qardaşım hərbiçidirlər. Böyüyəndə mən hərbi həkim olacağam və Vətənimiz Azərbaycana xidmət edəcəyəm.

Hörmətli Prezidentimiz, mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var və Sizi hədsiz dərəcədə çox istəyirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Vüsal Hacıyevdən, Sumqayıt, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən Füzuli rayonunun Qoçəhmədli kəndində doğulmuşam. Doğma kəndimin və Füzuli şəhərinin erməni işğalından azad edilməsi xəbərini Siz televiziya vasitəsilə elan edəndə mənə və əzizlərimə əvəzolunmaz sevinc hissləri bəxş etdiniz.

Turizm sektorunda çalışan biri olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bundan sonra da var gücümlə mübarizə aparacağam. Daim Sizin yanınızdayıq, cənab Ali Baş Komandan!

Allah Sizi qorusun!

Vəfa Qasımzadədən, Şəki, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Bu günlərdə bir-birinin ardınca eşitdiyimiz xoş xəbərlərə görə Sizə təşəkkür edir, şanlı Ordumuza yeni-yeni uğurlar arzulayırıq. Sizin uzaqgörən və müdrik siyasətniz nəticəsində tezliklə bütün bəlaları dəf edərək dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyimizə inanırıq.

Cənab Prezident, Sizi dəstəkləyirik və arxanızdayıq! Daim irəli!

Tahirə Hüseynovadan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Zəngilan rayonunun düşmən işğalından azad edilməsi münasibətilə bu rayondan olan məcburi köçkün kimi ailəmiz adından Sizə dərin minnətdarlğımı bildirirəm. Tanrı Sizi daim var etsin!

Möhtərəm Prezident, biz həmişə Sizinlə fəxr etmişik. Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Onun ruhu şad olsun!

Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycana dəstək olanlara! İnşallah, Zəngilanda görüşmək arzusu ilə…

Ramiz Qulamovdan, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ulu Öndərimizin layiqli davamçısı, siyasi varisi, xalqımızın dəyanətli və qəhrəman oğlu kimi Sizi Zəngilan rayonunun düşmən işğalından azad edilməsi münasibətilə təbrik edirəm. Zəngilan rayonundan olan bir məcburi köçkün kimi qəhrəman Ordumuza və Sizə dərin minnətdarlğımı bildirirəm.

Möhtərəm Prezident, Azərbaycan Respublikasının çiçəklənməsi naminə yürütdüyünüz müdrik siyasi fəaliyyətinizdə və ərazi bütövlüyünün bərpası məqsədilə digər işğal edilmiş rayonlarımızın da azad edilməsi üçün apardığınız məqsədyönlü mübarizədə Sizə uğurlar arzulayıram”.

S.Xankişiyeva

Paylaş:
413

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər