Minsk Qrupunun növbəti ədalətsizliyi və Prezident İlham Əliyevin diplomatik qələbəsi - TƏHLİL
2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb.
Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb.
TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər.
Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər.
Qeyd edək ki, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn.
Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.
Məlum olduğu kimi, TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib. Hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib.
Bəs nəyə görə həmsədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar? TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir.
TŞ qətnamələrində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. TŞ qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur?
Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.
27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi.
Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həm-sədr ölkələridir. Baş verənlər Minsk Qrupunun həmsədrlərinin Azərbaycan cəmiyyətində niyə qıcıq və qəzəb yaratdığını aydın surətdə izah edir. Azərbaycan cəmiyyəti həmsədrlərdən yorulub və bezib.
Tam əminliklə deyə bilərik ki, TŞ tamamilə mənasız bir quruma çevrilib. Dünyada TŞ qədər antidemokratik bir qurum yoxdur. TŞ daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar.
30 ilə yaxındır ki, hər kəs Azərbaycan ərazilərinin işğalına göz yumurdu. Bakı öz gücünü nümayiş etdirəndən və əks-hücum əməliyyatına başlayandan sonra isə beynəlxalq hüququn olduğunu xatırlayanlar, “sülh göyərçinləri” peyda olmağa başladılar. Etnik tərkibi dəyişmək məqsədi ilə müxtəlif ölkələrdən işğal ərazilərinə ermənilərin köçürülməsi, azərbaycanlıların orada yaşamasını sübut edən qəbirlərin, tarixi abidələrin, məscidlərin dağıdılması və bütün infrastrukturun məhv edilməsi barədə susanlar indi Bakının əks-hücum əməliyyatından narahat olmağa başlayıblar.
Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?
QH ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.
Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır?”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir?” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.
Beləliklə, ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir.
Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. Heç bir qurum, heç bir ölkə Azərbaycanı bu hüquqdan məhrum edə bilməz. Azərbaycan, əslində, BMT-nin görməli olduğu işi görür, bu təşkilatın və məlum dörd qətnaməni qəbul edən Təhlükəsizlik Şurasına üzv ölkələrin üzərindəki ləkəni təmizləyir. Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən BMT aciz qalıb, bunu Azərbaycan ordusu reallaşdırır.
1news.az