“Siz xalqını, millətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan sərkərdə kimi yaddaşlarda qalacaqsınız” –  Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Siz xalqını, millətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan sərkərdə kimi yaddaşlarda qalacaqsınız” –  Prezidentə məktub

18:31 - 24 / 10 / 2020
“Siz xalqını, millətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan sərkərdə kimi yaddaşlarda qalacaqsınız” –  Prezidentə məktub

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır.

Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Kənan Mehdiyevdən, Marneuli, Gürcüstan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir.

Hörmətli Prezident, mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm! Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qürurlandırır və bu uğurların müəllifi Sizsiniz.

Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.

Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

Nəbi Qafarovdan, Merke, Qazaxıstan

Hörmətli cənab Prezident.

Sizi, yenilməz Ordumuzu və bütün Azərbaycan xalqını qazandığımız zəfərlər münasibətilə təbrik edirəm. Nəhayət, bu müqəddəs torpaqlarımızı erməni adlı tör-töküntüdən təmizləyirsiniz.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Təki Vətən sağ olsun!

Ceyran Vəliyevadan, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Mən azərbaycanlı olduğum üçün sözün əsl mənasında fəxr edirəm! Ailəmiz Rusiyanın Moskva şəhərində yaşayır, son günlər bütün vaxt Azərbaycandan olan xəbərləri izləyirik.

Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var və təşəkkür edirik ki, bizə bu sevinci yaşadırsınız.

Oxuduğum məktəbdə fəxrlə gəzirəm, çünki hər kəs bilir ki, mən azərbaycanlıyam, biz zəfər çalırıq və çalacağıq!

Qarabağ Azərbaycandır!

Şövqü Abasovdan, Saatlı, Azərbaycan

Müzəffər Ali Baş Komandanım.

Mən, Abasov Şövqü Heydərəli oğlu 1982-ci ildə Saatlı şəhərində anadan olmuşam. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirmişəm. Mənə baş leytenant hərbi rütbəsi verilmişdir. 2006-cı ildə Hərbi Təlim-Tədris Mərkəzini bitirmişəm. Həmin il döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişəm. 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişəm. Artilleriya üzrə peşəkar hərbçiyəm.

Bu gün də mənim ürəyim hərblə döyünür. Son günlər Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi igidlik və şücaətlər məni daha da ruhlandırmışdır.

Cənab Prezident, yenidən hərbi xidmətə qayıtmaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin bircə əmriniz kifayətdir.

Əli Dadaşovdan, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan, dəyərli və güclü Sərkərdə.

Mən Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Mən sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Bizi dünyada qalib xalq kimi tanıtdınız. Sizin və qüdrətli Ordumuzun sayəsində bu qalibiyyəti qürur və sevinc hissləri ilə qeyd edirik. Bizə azad, firavan və bütöv Azərbaycan bəxş etdiyinizə görə Ordumuza və Sizə öncə özüm sonra isə bütün azərbaycanlı uşaqların adından minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!

Günel Sultanlıdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Zəfər çalmaqda olan bir xalqın nümayəndəsi, dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. Bu qürurverici anları bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Qarabağın alınması uğrunda apardığınız haqlı mübarizəni dəstəkləyir və Sultanovlar ailəsi olaraq Sizə etimadımızı bildirmək istəyirik. Bu haqlı mübarizədə hərbi həkim olaraq iştirak edən dayım daxil olmaqla bütün hərbiçilərimizin fədakarlıqlarının nəticəsində qələbənin çox uzaq olmayacağına ümid edirik. İnanırıq ki, rəşadətli Ordumuzun mübarizəsi və Sizin düzgün hesablanmış strategiyanız sayəsində yaxın zamanda bütün işğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək. Yeni zəfərlərinizi gözləyir və Sizi dəstəkləyirik!

Gilas İbrahimovadan, Cəbrayıl, Azərbaycan

Cənab Prezidentimiz.

Mən Cəbrayılda anadan olmuşam. Yurdumuz işğal olunanda mənim 2 yaşım vardı. Bugünkü günlərə qədər Cəbrayıl haqqında məlumatı valideynlərimdən və digər mənbələrdən öyrənmişəm, amma artıq bu illərdən sonra Sizin və güclü Azərbaycan Ordusunun sayəsində öz gözlərimlə doğma torpaqlarımızı gedib görəcəyəm. Bunu da qeyd etmək istəyirəm ki, Sizin şad xəbərlərinizi və ruhlandırıcı çıxışlarınızı həsrətlə gözləyirəm. Tanrı Sizi və güclü Azərbaycan Ordusunu qorusun.

İsmayıl İsmayılbəylidən, Mingəçevir, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Ermənistan ordusunun sentyabrın 27-də səhər saatlarından başlayaraq bütün cəbhə boyu ölkəmizə qarşı yenidən təxribat törətməsi bu ölkənin təcavüzkar və işğalçı siyasətinin daha bir təzahürdür. Bu hücumlar nəticəsində ilk növbədə, Vətəninin ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Ermənistan başda BMT Təhlükəsizlik Şurası olmaqla bir çox regional və beynəlxalq qurumların Dağlıq Qarabağ və işğal altındakı bütün rayonlardan qoşunlarını ən qısa vaxtda və qeyd-şərtsiz çıxarması barədə qətnamə və çağırışlarına baxmayaraq işğalı otuz ilə yaxın müddətdir ki, davam etdirir. Bu hücumları şiddətlə pisləyirik.

İşğal altındakı Dağlıq Qarabağın və ona bitişik rayonların ən yaxın zamanda və mütləq azad olunacağına inanırıq. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyona yaxın soydaşlarımız da evlərinə, öz doğma yurd-yuvalarına qayıdacaq. Hamımızın birlikdə şahidi olacağımız o günlər bizim üçün xoşbəxtlik, sevinc və ədalətin bərqərar edildiyi günlər olacaqdır.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və qərarlılığı nəticəsində bu günədək işğal altında olan bir sıra torpaqlarımızın azad edilməsi mümkün olub.

Bundan qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Murad Cəbiyevdən, Ağsu, Azərbaycan

Əziz Prezidentim.

Mənim 15 yaşım var. Bütün Azərbaycan xalqı kimi mən də, bütün şagird yoldaşlarım da Sizə and və güvənc yerimiz kimi baxır, Sizinlə və ordumuzla fəxr edirik.

Oxuduğum məktəb Əfqanıstan müharibəsində həlak olmuş əmim Arif Cəbiyevin adını daşıyır. Əmim Toğrul Fərəczadə isə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

Ordumuzun düşmən üzərindəki şanlı qələbələrindən qürur duyuram. Əgər lazım gələrsə mən də bir gənc kimi əsgər olmağa, müqəddəs Azərbaycan torpağını qorumağa, əmim Toğrul Fərəczadə kimi qəhrəmanlıq göstərməyə hazıram.

Rövşən Babayevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Bu günlər ölkəmizdə baş verən hadisələri bir tərəfdən narahatlıqla, digər tərəfdən qürurla izləyirik. Xalqımızın yenilməz Lideri olaraq torpaqlarımızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik. İnanırıq ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz, peşəkar diplomatiyanız sayəsində bu müharibəni böyük bir Qələbə ilə başa vurub dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəksiniz.

Bununla da Siz xalqını, millətini, dövlətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız. Sizə və rəşadətli Azərbaycan Ordusuna hər an duaçıyıq.

Allah Sizi və şanlı Ordumuzu müzəffər etsin! Əminəm ki, yaxın günlərdə Böyük Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edəcəksiniz.

Rafayıl Zülfüqarovdan, Füzuli, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

İşğalda olan torpaqlarımızın bütövlüyü uğrunda apardığınız müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın üçrəngli Bayrağı Füzulidə, Cəbrayılda, Hadrutda dalğalanır. Arzum budur ki, tez bir zamanda qürur mənbəyimiz olan Bayrağımız Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarında dalğalansın.

Əziz və sevimli Prezidentimiz, bu gün Azərbaycan xalqının ürəyi Sizinlə döyünür, bütün Azərbaycan xalqı Sizinlə öyünür. Siz neçə-neçə yurd həsrətli insanları sevindirirsiniz.

Bu gün düşməndən alacağımız təkcə torpaq yox, həm də intiqamdır. Bu şərəfli və müqəddəs yolda Ulu Tanrı Sizi və Azərbaycanın müzəffər Ordusunu qorusun!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ayxan Nəsiblidən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandanımız, qalib Azərbaycan Ordusunun Sərkərdəsi.

Siz bu gün şanlı Ordumuza komandanlıq edərək parçalanmış Azərbaycan torpaqlarını qaytarmaqla tarix yazırsınız. Qazandığınız qələbələrlə xalqımıza sevinc bəxş edib, Sizə inanan xalqın rəğbətini və sevgisini minə qatladınız. Bilin ki, Sizin kimi müdrik Prezidentə gözümüzü qırpmadan canımızı fəda etməyə hazırıq.

Əziz Prezidentim, mən söz verirəm ki, ana Vətənim Zəngilana qayıtdıqdan sonra həyətimizdə Sizin büstünüzü ucaldacağam. İnşallah, Siz də Mehriban xanımla birlikdə o yerlərə, bizə ziyarətə gələrsiniz. İnanıram ki, o gün çox yaxındadır.

Azərbaycana nəfəs verən Prezidentim, mənim sonsuza qədər əbədi Prezidentim, Siz Azərbaycanın özüsünüz!

Səhrəddin Nuriyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər gün Sizin üçün dua edirik, Allahdan Sizi qorumasını diləyirik.

Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlu daxili və xarici siyasətiniz nəticəsində qazanılır. Siyasətinizi ürəkdən alqışlayıram.

Şəhid ailələri qarşısında baş əyirəm, şəhidlərimizə rəhmət diləyirəm. Allah ordumuza güc, əsgərlərimizə cansağlığı, qollarına qüvvət versin. Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik.

Mənim 74 yaşım var. Sizin uğurlu fəaliyyətinizdən, ordumuzdan ruhlanaraq bu yaşımda belə cəbhəyə getməyə, hər bir əmrinizi icra etməyə hazıram.

Ceyhun Babayevdən, Kəlbəcər, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Mən Kəlbəcər rayonu 20 nömrəli məktəbinin 6-cı sinif şagirdiyəm.

Bu gün xalqımız çox şərəfli bir tarix yaşayır. Vətənin igid oğulları haqq yolunda savaşırlar. Qəhrəman əsgərlərimiz cəbhədə düşmənə layiqli cavab verirlər. Hər gün aldığımız qələbə xəbərləri, bir azərbaycanlı olaraq məni də çox sevindirir. Bilirəm ki, qazanılan hər uğurda Sizin böyük zəhmətiniz var. Buna görə Sizə təşəkkürüm sonsuzdur. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm.

İnanıram ki, Sizin apardığınız mübarizə böyük zəfərlə başa çatacaq və mən ailəmlə ata yurdum Kəlbəcərə dönəcəyəm.

Bu haqq yolunda Uca Tanrı Sizə və şanlı Ordumuza yardımçı olsun!

Qarabağ Azərbaycandır! Daim Bayrağımız zirvələrdə, dövlətimiz güclü, Ordumuz müzəffər, Vətənimiz azad, bütöv olsun!

Yaşasın Azərbaycan!

Yaşasın müzəffər Ali Baş Komandan!

Yaşasın qalib Ordumuz!

Seymur Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Erməni terrorçularına qarşı apardığınız mübarizədə Sizə uğurlar arzulayıram. Hazırda məhkumluq həyatı yaşasam da, düşünürəm ki, döyüşlərdə düşmənə qarşı vuruşmaq mənim də vətəndaşlıq borcumdur.

Buna görə də Sizdən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün əmrinizə müntəzir olduğumu bildirmək istəyirəm. Əgər sağ qalsam, cəzamın qalan hissəsini böyük Qələbədən sonra çəkməyə hazıram.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Mirazad Bayramovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Bayramov Mirazad 3-cü sinifdə oxuyuram. Adını daşıdığım əmim - Bayramov Azad Muxtar oğlu 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması ailəmizi çox sevindirdi. Əmimin qanı yerdə qalmadı. Buna görə ailəmiz adından Sizə təşəkkür edirəm.

Müzəffər Ali Baş Komandan, arzu edirik ki, Siz başda olmaqla ordumuz düşmənlərimizi öz yerlərinə kimi qovub torpaqlarımızı tamamilə azad etsinlər.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

S.Xankişiyeva

Paylaş:
550

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər